BAYRAQDAR MEDİA – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını davam etdirir.
İctimai birlikdən verilən məlumata görə, layihənin tədbirlər planına əsasən Bakının Yasamal rayonu ərazisində yerləşən tarixi Zərgərpalan hamamında başlayan 8 günlük təlim kursları 25 iyul tarixində başa çatıb: “Təlim kursları müvafiq qoruqların, muzeylərin, təhsil müəssisələrinin nümayəndələri və mədəni irsin qorunmasında digər maraqlı şəxslərdən ibarət, hər birində 15 iştirakçı olmaqla iki qrup üzrə təşkil olunub. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlim kursları mədəni irsin qorunmasına həsr olunmuş 16 fərqli mövzunu əhatə edib”.
Məlumatda deyilir ki, təlim çərçivəsində müxtəlif mövzularda dərslər keçirilib: “Dərslər zamanı müvafiq mövzular üzrə ətraflı məlumatlar verilib, təqdimat və məruzələr dinlənilib, nəzəri məlumatlarla yanaşı, praktiki tapşırıqlar yerinə yetirilib, həmçinin, iştirakçıların mövzu ilə bağlı məlumatlılıq səviyyəsini və təlimin effektivliyini ölçmək üçün sorğular aparılıb. Dəsrlər interaktiv formada təşkil olunub və iştirakçıların yüksək fəallığı ilə seçilib. Aparılan şifahi və yazılı sorğular təlimin iştirakçılar üçün faydalı olduğunu və qarşıya qoyulan məqsədlərə çatdığını göstərir”.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.





