Press "Enter" to skip to content

AXA-dan sahibkarlara müraciət

AXA-dan sahibkarlara müraciət

BAYRAQDAR MEDİA – Aqrar Xidmətlər Agentliyi (AXA) sahibkarlara müraciət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müraciətdə bildirilir ki, beynəlxalq ticarət qaydalarına əsasən ixrac olunan məhsullarla birlikdə istifadə edilən taxta altlıqlar, yeşiklər, barabanlar, paletlər və digər meşə materiallarından hazırlanmış qablaşdırma vasitələri İSPM 15 beynəlxalq standartına uyğun şəkildə zərərsizləşdirilməli və müvafiq nişanla (marka ilə) işarələnməlidir. İSPM 15 – məqsədi ixracatda istifadə edilən emal olunmamış ağac materialları vasitəsilə zərərli orqanizmlərin daşınmasının və yayılmasının qarşısını almaqdan ibarət olan beynəlxalq standartdır. Bu standarta əsasən istifadə olunan taxta materiallar qabıqsız və çürüksüz olmalıdır, mütləq şəkildə termiki və ya kimyəvi (fumiqasiya) üsullarla zərərsizləşdirilməlidir”.

Daha sonra xəbərdə, “hazırda Azərbaycanda İSPM 15 tələblərinə uyğun olaraq həm yerində (fumiqantla), həm də stasionar məntəqələrdə termiki üsulla zərərsizləşdirmə işləri aparılır. “Fitosanitar nəzarəti haqqında” qanunvericiliyin 23.3-cü maddəsinə və həmin qanunun tətbiq edilməsi barədə 441 nömrəli Fərmana əsasən karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən həyata keçirilir. Karantin obyekti dedikdə, zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən bitkilər və bitkiçilik məhsulları, onların saxlanma yerləri, qablaşdırma materialları, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt və ya yük başa düşülür” deyə qeyd edilir.

Xəbərdə həmçinin bildirilir ki, “bundan əlavə, Nazirlər Kabinetinin 260 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu sahədə zərərsizləşdirmə işləri yalnız KTN-in xüsusi təlimatlandırılmış və bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir. İxrac prosesində hüquqi və texniki problemlərin yaranmaması üçün sahibkarlara saxta möhür və markalardan istifadə etməmək, zərərsizləşdirmə üçün KTN anında AXA-ya müraciət etmək tövsiyə olunur. Zərərsizləşdirmə işləri tamamlandıqdan sonra qablaşdırma vasitələri standartlara uyğun şəkildə markalanır və sahibkara akt təqdim olunur”.

AXA sahibkarları diqqətli olmağa və yalnız rəsmi prosedurlara əməl etməyə çağırıb.

Mission News Theme by Compete Themes.