Son yeniləmə: 30 İyul 2025
Bəhs edilən dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 131 mindən çox şəxsə xidmət göstərilib
BAYRAQDAR MEDİA – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazirlik tərəfindən həmin sosial dəstək paketi üzrə postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 25 min şəxsə birdəfəlik ödəmə təyin olunub: “Həmin dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib. Bəhs edilən dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 83,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib”.
Məlumata əsasən, postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 2,3 min şəxs 76 min reabilitasiya vasitəsi, o cümlədən 493 şəxs 611 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub: “Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 27 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Qeyd olunan sosial dəstək paketi ümumilikdə 131 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 391 min xidmət göstərilib”.





