BAYRAQDAR MEDİA – İyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə şəhərə köçürülən 166 nəfərdən ibarət 44 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, QMKİDK-nin rəsmiləri iştirak ediblər. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib”.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.





