BAYRAQDAR MEDİA – Iğdırın Karakoyunlu rayonunun kaymakamı Fatih Erdoğan Karakoyunlu mərkəzində Sefer Karakoyunlu tərəfindən yaradılmış Karakoyunlu Ata Ocağı Muzeyini ziyarət edib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “muzeyin qurucusu Sefer Karakoyunlu və Ata Ocağının daimi iştirakçıları tərəfindən qarşılanan kaymakama muzeyin yaradılma məqsədi və missiyası haqqında ətraflı məlumat verilib”.
Məlumata görə, Karakoyunlu Kaymakamı Fatih Erdoğan muzeydə araşdırmalar apardıqdan sonra məmnunluğunu ifadə edib: “O, Karakoyunluya belə gözəl bir irs nümunəsi qazandırdığı üçün muzeyin qurucusu Sefer Karakoyunluya və əməyi keçən hər kəsə təşəkkür edib, uğurlar arzulayıb və şərəf dəftərinə öz duyğu və düşüncələrini yazıb”.
Ziyarət zamanı bir çox kənd təsərrüfatı alətlərini də nəzərdən keçirən Fatih Erdoğan bildirib:“Bir növ keçmişə səyahət etdik. Bu əsərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, yeni nəsildə tarix şüuru yaratmaq çox mühüm bir missiyadır. Uğurlar arzulayıram”.
Ziyarətin sonunda kaymakama bölgəyə məxsus milli geyimlər geydirilib və “Şamam” adlı hədiyyə təqdim olunub.





