Press "Enter" to skip to content

Qonşu ölkədən çəyirtkə miqrasiyası riskinə qarşı qabaqlayıcı tədbirlər görülür

Qonşu ölkədən çəyirtkə miqrasiyası riskinə qarşı qabaqlayıcı tədbirlər görülür

BAYRAQDAR MEDİA – Dağıstanın şimalında çəyirtkələrin kütləvi yayılması və bu səbəbdən fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizə və Fumiqasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sərhəd boyu ərazilərdə mütəmadi monitorinqlərə başlanılıb. Miqrasiya təhlükəsi nəzərə alınaraq kimyəvi mübarizənin operativ təşkili üçün bütün texnika və avadanlıqlar tam hazır vəziyyətə gətirilib. Bölgələrdə müşahidə və nəzarət tədbirləri gücləndirilib, yerli qurumlar zəruri dərman preparatları ilə tam şəkildə təmin olunub. Qeyd edək ki, çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün ən təhlükəli zərərvericilərdən biridir. Onlar bitkilərin yarpaq və digər orqanlarını kobud şəkildə gəmirərək zədələyir, nəticədə bitkinin inkişafı dayanır və məhsuldarlıq azalır. Çəyirtkələr taxıl, meyvə-tərəvəz, pambıq və digər mədəni bitki əkinlərinə, hətta meyvə ağaclarına ciddi ziyan vururlar”.

Ardınca xəbərdə, “hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə – Mərakeş (Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya (Caloptenus italicus (Linnaeus)) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür. Cari ilin əvvəlindən ölkə ərazisində çəyirtkələrə qarşı müşahidə və mübarizə tədbirlərinə başlanılıb və bu tədbirlər mövsüm ərzində ardıcıl şəkildə davam etdirilir” deyə bildirilir.

Qeyd edək ki, sözügedən Mərkəzin yerli qurumları tərəfindən 2025-ci ilin iyul ayınadək 47 min 178 hektar sahədə müşahidələr aparılıb, 10 min 315 hektar sahədə sirayətlənmə qeydə alınıb, 5 min 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.