BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ənənəvi sərgi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “sərgidə Azərbaycan dilinin tarixi inkişaf mərhələlərini, əlifbanın keçdiyi təkamül yolunu əks etdirən nəşrlər, həmçinin mövzu ilə bağlı sərəncam və fərmanlar, görkəmli elm xadimlərinin fikirləri nümayiş olunur. Qeyd edək ki, müstəqil Azərbaycanın dil və əlifba siyasətində mühüm mərhələ Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Eyni zamanda, 2001-ci il avqustun 9-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən, 1 avqust ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur”.
Ardınca xəbərdə, “sərgidə “Heydər Əliyevin dil siyasəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin izahlı lüğəti”(4 cilddə), “Azərbaycan dilinin dialektoloji atlası”, “ Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Azərbaycan dilçiliyi müntəxəbatı”, “Dilə sevgi, yurda sevgi”, müxtəlif illərə aid Azərbaycan dili dərslikləri və vəsaitləri, həmçinin digər dəyərli nəşrlər sərgilənir” deyə qeyd edilir.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində maarifləndirmə işinə töhfə vermək, eləcə də oxuculara Azərbaycan dilinin zəngin tarixi ilə daha yaxından tanışlıq imkanı yaratmaqdır.





