BAYRAQDAR MEDİA – “Azərbaycan Valideyn- Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətinin artırılması” layihəsinin yekun tədbiri keçirilib. Kulturoloji lektoriyası Bakı şəhəri Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə keçirilib.
İctimai Birlikdən bildirilib ki, tədbirdə iştirak edən şagirdlər və valideynlərlə uşaqların ailədə və təhsildə davranışları, sosial-ictimai məsuliyyəti müzakirə olunub: “Uşaq səfirlərinin maraqlı çıxışları olub. İştirakçılar müzakirələrdə şagirdlərin bəzi hallarda assosial, adekvat olmayan davranışlarının yaranma səbəbləri, təlim-tərbiyə, əxlaq və davranış, ailədaxili münasibətlər, şagirdlərin psixoloji durumu, qidalanması və s. haqqında danışıblar. Layihə rəhbəri Şahin Rəcəbov tərəfindən geniş bilgilər verilib, suallar cavablandırılıb. İnteraktiv və səmərəli müzakirələr şəklində keçirilən görüşdə valideynlərin və uşaqların müxtəlif arzu və təklifləri səsləndirilib. Böyük maraqla qarşılanan tədbirdə valideynlər tərəfindən belə tədbirlərin davamlı olması arzulanıb”.





