BAYRAQDAR MEDİA – “Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi çərçivəsində növbəti – 7-ci təlimini təşkil edib.
Bu barədə İctimai Birliyin məlumatında qeyd edilib.
Məlumata görə, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində yaradıcılıqla məşğul olmaq istəyən 13 nəfər benefisiar üçün təlim keçirilib: “Təlimi layihə rəhbəri Rəna Mahmudova açaraq təlimin gedişi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. O bildirib ki, artıq iyun və iyul aylarında ardıcıl olaraq 7-ci təlim keçirilir”.
Sonra təlimçi F. Babayev təlimə başlayaraq bildirib ki, bugünkü mövzu sırf qəzəl janrına həsr olunub.
Təlimi davam etdirən iştirakçı Müşfiq Qarayev əruz vəznini ərəb dilindən tərcümə edərək xırdalıqları iştirakçılara izah etdi və müxtəlif şairlərin qəzəllərindən nümunələr gətirərək təlimi maraqlı və diskussiya şəklində davam etdirib.
Maraqlı keçən təlimdən sonra iştirakçılar çay süfrəsi ətrafında yazdıqları qəzəllərdən qiraət ediblər. Təlimçi onların şeirlərini və qiraətlərini dinlədikdən sonra hər birinə fərdi məsləhətlər verib.
Fasilədən sonra gündəlik mövzu iştirakçılarla birlikdə davam etdirilib. Layihə rəhbəri növbəti təlimin avqust ayında keçiriləcəyini və dəqiq tarix və vaxt barədə benefisiarlara öncədən məlumat veriləcəyini qeyd edib.





