Bu il 11 ixtisasa tələbə qəbul olunmayacaq
BAYRAQDAR MEDİA – Türkiyənin Anadolu Universiteti Açıq Təhsil Sistemində ciddi struktur dəyişikliyinə gedərək yeni bir dövrün əsasını qoyub.
Bu barədə univeristetdən məlumat verilib.
Bildirilib ki, “2025–2026-cı tədris ili ərəfəsində qüvvəyə minən yeni struktur islahatı ilə əvvəllər ayrı fakültələr şəklində fəaliyyət göstərən açıq təhsil bölmələri birləşdirilərək artıq Anadolu Universitetinin Açıq Təhsil Fakültəsi tərkibində fəaliyyət göstərəcək. Bu struktur dəyişiklikləri yalnız inzibati məsələləri əhatə edir və hazırda qeydiyyatda olan tələbələrin təhsil prosesi heç bir şəkildə təsirlənməyəcək”.
Məlumata görə, tələbələr məzun olduqları zaman diplomlarında qeydiyyatda olduqları əvvəlki fakültələrin adını görməyə davam edəcəklər: “Lakin 2025-ci il Yüksək Təhsil Müəssisələri İmtahanı (YKS) zamanı ixtisas seçən namizədlər birbaşa “Açıq Təhsil Fakültəsi” adı altında müraciət edəcəklər. Bu dəyişikliklə bərabər bəzi proqramlar da ləğv olunub. 2025-ci ildən etibarən 10 orta ixtisas (ön lisans) və 1 bakalavr proqramı yeni tələbə qəbul etməyəcək. Qapadılan proqramlar arasında Çağrı Mərkəzi Xidmətləri, Elektrik Enerjisi İstehsalı, ötürülməsi və paylanması, Ev İdarəçiliyi, İlahiyyat (ərəb dili ilə), Qiymətli Kağızlar və Kapital Bazarı, Pərakəndə Satış və Mağaza İdarəçiliyi, Radio və Televiziya Proqramçılığı, Mülki Aviasiya İdarəçiliyi, Turizm və Səyahət Xidmətləri, Yerli İdarəetmə proqramları yer alır. Bundan əlavə, Sosial Xidmətlər bakalavr proqramı da bu ilki ixtisas seçimi bələdçisindən çıxarılıb”.
Univeristetdən o da bildirilib ki, bu dəyişiklik Açıq Təhsil Sistemini daha səmərəli, yığcam və dövrün tələblərinə uyğun hala gətirməyi hədəfləyir: “Ləğv edilən proqramların əvəzində gələcək dövrlərdə müasir və fənlərarası məzmunlu yeni proqramların açılması planlaşdırılır. Namizədlərə tövsiyə olunur ki, 2025 YKS ixtisas seçimi bələdçisini diqqətlə incələsinlər və seçimi bu yeni strukturlaşmaya uyğun şəkildə həyata keçirsinlər”.









