Press "Enter" to skip to content

 Təbriz elə Azərbaycanın özüdür

Məcid Cavadi (solda) və Həmid Rəsai

Məcid Cavadidən Həmid Rəsaiyə tutarlı cavab

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi İran parlamentinin tanınmış mühafizəkar deputatı, Tehrandan seçilmiş Həmid Rəsai prezident Məsud Pezeşkianın Azərbaycanla bağlı son açıqlamalarına qarşı sərt mövqe nümayiş etdirib.

H.Rəsai həmçinin M.Pezeşkianın səfərlərində onu “Yaşasın Azərbaycan” şüarı səsləndirən şəxslərin müşayiət etməsindən narahatlığını ifadə edib. Onun fikrincə, prezidentin bu cür yanaşmaları xarici təsirlərə boyun əyməkdir və bu, İran dövlət başçısına yaraşmaz.

Öz növbəsində Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Həmid Rəsaiyə tutarlı cavab verib.

M.Cavadi “Cənab Rəsayi, Azərbaycan Təbriz kimi deyil, Təbriz elə Azərbaycanım özüdür!” başlıqlı cavabında İran İslam Respublikasının Məclisində təmsil olunan və guya Tehran və Rey bölgəsinin millət vəkili olan Həmid Rəsayinin M. Pezeşkianı hədəf alan “Cənab Pəzikiyan, niyə Bakı səfərində dörd dəfə ‘Yaşasın Azərbaycan’ deyildikdə, cavabında deyirsiniz ki, Azərbaycan Təbriz kimidir; Harada belədir axı?!” sözlərinə belə reakiya verib: “Cənab Rəsayi, siz ki, radikal “Paydari” cərəyanına bağlı bir şəxs kimi tanınırsınız və “şüubiyyə” meyllərinə sahibsiniz, Azərbaycana və Türklərə qarşı dərin mənfi hisslər daşıyan biri olaraq, təbii ki, Bakıyla Təbriz arasındakı duyğu və bağlılığı-biri Azərbaycanın beyni, digəri ürəyidir-anlaya bilməzsiniz! O kəs ki, Ərdəbilli Əli Səliminin bəstələdiyi və Bakılı Rəşid Behbudovun səsi ilə dünyaya yayılan “Ayrılıq” mahnısının dərinliyini duymayıb; O kəs ki, Aşıq Həsən İskəndərinin “Araz Araz”ını və Üzeyir Hacıbəylinin “Koroğlu” simfoniyasını dinləyəndə gözləri yaşarmayıb; O kəs ki, “Məşədi İbad” və “Arşın mal alan”a baxanda içdən coşqu hiss etməyib; O kəs ki, “Şah Xətai”, “Füzuli”, “Nəsimi”, “Aşıq Ələsgər”, “Xəstə Qasım” və “Şəhriyar”ın şeirləri ilə tanış deyil və ruhu bu misralarla coşmur; O kəs ki…Belə birinin Təbrizlə Bakının Azərbaycanla olan dərin bağlarını dərk etməsi mümkün deyil”.

M.Cavadi daha sonra bildirib: “Amma əmin olun ki, istər təbrizli, istərsə də bakılı hər bir şəxs yuxarıda sadalanan hər bir halı görərkən və eşidərkən eyni duyğularla, varlıqlarının dərinliyində bir hissiyat duyur, o hissiyyat “Azərbaycanlı” olmaq hissidir. Cənab Rəsayi, siz elə bir mövqedə deyilsiniz ki, Təbrizin Azərbaycana mənsubiyyətini və onun Bakıyla olan bağlılığını sual altına alasanız; Və siz ki, Qarabağ müharibəsində bir şiə mollası olaraq hərtərəfli şəkildə Ermənistana dəstək verdiniz ki, Şuşa kimi müqəddəs bir şəhərdə azan səsi yerinə kilsə zəngi eşidilsin-bu gün Azərbaycana irad bildirmək haqqına sahib deyilsiniz. Sizin şüubiyyə oyunlarınız artıq ifşa olunub. Cənab Rəsayi, unutmayın: Azərbaycan Təbriz kimi deyil-Azərbaycan özüdür Təbriz! Necə ki Bakı da elə Azərbaycanın özüdür…”

Mission News Theme by Compete Themes.