BAYRAQDAR MEDİA – Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.
Xəbərdə deyilir ki, “Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub. Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər”.
Sonra xəbərdə, “yolun düzgün yerindən keçməmək – görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq qədər ağır nəticə doğurur. BDYPİ bu faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım – son addımınız ola bilər” deyə bildirilir.





