Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Son günlər Azərbaycan sosial şəbəkə seqmentində “azəri” məsələsi müzakirə olunur. Əslində bu məsələ ara-sıra gündəmə gəlsə də yeni deyil. Mənim uşaqlıq və gənclik illərimdə də bu məsələ zaman-zaman müzakirə olunurdu. Sevindirici hal odur ki, bu gün bu mövzunu müzakirə edənlərin əksəriyyəti artıq xalqın türk olduğunu inkar etmir. O vaxtlar isə bu müzakirələr aparılarkən Azərbaycan türklüyünü inkar edəcək şəkildə “azəri” adını milli kimlik kimi təqdim etməyə çalışırdılar.
Amma Türkiyədə məşhur olan bir atalar sözü ilə desək: “Günəş palçıqla suvanmaz”. Həqiqət gec-tez üzə çıxır və ortaya çıxdığı zaman yalanları darmadağın edir. Məhz bu səbəbdən də heç bir elmi əsasa söykənməyən “azəri” kimi qondarma ifadə hər kəsə bəlli olan Türk adını ört-basdır edə bilmədi.
Bu barədə kifayət qədər məlumat olduğu üçün “azəri” ifadəsinin necə meydana çıxmasından bəhs etməyəcəyəm. Mənim toxunmaq istədiyim mövzu bu ifadənin yenidən gündəmə gətirilərək xalqa başqa formada sırınmasıdır. “Başqa formada sırınmaq” deyirəm, çünki artıq bu xalqın “türk” kimi tanınan adı olduğu halda əsassız və bizimlə heç bir əlaqəsi olmayan “azəri” adının qəbul edilməyəcəyini dost da, düşmən də gördü.
İndi isə başqa bir yola əl atıblar. Cəmiyyətdə ciddiyə alınmayan, lakin tanınmış şəxslərin dili ilə bu adı təkrar gündəmə gətirib, “azəri” ifadəsini guya “Azərbaycanlı” və ya “Azərbaycan” sözünün qısaldılmış forması kimi təqdim etməyə çalışırlar.
Bu fikri irəli sürənlər iddia edirlər ki, “azəri” sözü türklüyü inkar etmədən Rusiyada “rus”, Türkiyədə “türk”, Fransada “fransız” ifadələri kimi işlədilə bilər.
Birincisi, “azəri” sözünün bu şəkildə işlədilməsi 2-3 nəfərin şəxsi təklifi ilə həyata keçə bilməz. Bunun üçün alimlər bu yanaşmanı sağlam mənbələrlə əsaslandırmalı, xalq isə bunu qəbul etməlidir.
İkincisi, Azərbaycan adı Türkiyə, Rusiya və ya Fransa kimi milli-etnik kimliyə söykənmir ki, onun da bu formada qısaldılması məntiqli olsun. “Azərbaycan” coğrafi bölgə adıdır, etnik bir xalqın adı deyil. Bu baxımdan o, İran, Amerika, Qətər, Küveyt kimi ölkə adlarına bənzəyir. Necə ki, bu ölkələrin adları etnik mənsubiyyət bildirmədiyindən onların adları ilə xalqın kimliyini ifadə etmək gülünc və əsassız olar. Bu ölkələrdə də xalq adları bu formada qısaldılmır. Ölkə adı ilə birlikdə əlavə şəkilçi gətirilərək yalnız məkan mənasında aidiyyət bildirilir, etnik mənsubiyyət yox. Bizim də qəbul etdiyimiz “azərbaycanlı” ifadəsində olduğu kimi.
Bundan başqa “azəri”, “azər”, “azəri türkü”, “azər türkü” kimi ifadələr heç bir məntiqə söykənməyən, gülünc və əsassız ifadələrdir. Son olaraq bu məsələni yenidən gündəmə gətirənlərə tövsiyəm öz işləri ilə məşğul olmaları və oradan-buradan gələn yönləndirmələr və düşüncələri ilə boylarını aşan mövzulara müdaxilə etməmələridir.





