Press "Enter" to skip to content

Türk dünyasının kənd təsərrüfatı potensialı çox böyükdür

Tamer Öztürk

Tamer Öztürk: Bu addımlar atılarsa, türk dünyası qarşıdakı 100 il ərzində dünyanın ən böyük ərzaq təminatçılarından birinə çevriləcək

BAYRAQDAR MEDİA -“Təbii ki, bu ideya çox mühümdür. Mən də bu istiqamətdə fəaliyyət göstərmişəm. Bir müddət əvvəl Özbəkistanda layihələrdə iştirak etdim. Türkiyə və Özbəkistanın kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlığın qurulmasına töhfə verdim”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türkiyənin tanınmış iş adamlarından olan, İzmir Azərbaycan Dərnəyinin Türkiye-Azerbaycan İş Geliştirme Komitesi başqanı Tamer Öztürk deyib.

“Türk Dünyası üçün vahid iqtisadi bazarın yaradılması nə dərəcədə realdır” sualına cavabında o, qeyd edib ki, vahid bazar formalaşdırıla bilər və bu çox vacibdir: “Əlbəttə, bəzi hüquqi və iqtisadi çətinliklər var. Məsələn, Azərbaycan və Orta Asiya ölkələri keçmiş SSRİ-nin tərkibində olub və bu gün MDB çərçivəsində bəzi öhdəlikləri var. Eyni zamanda, Türkiyə Avropa Birliyi ilə müəyyən razılaşmalara malikdir. Ancaq Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid bir iqtisadi məkan – azad ticarət zonası formalaşdırmaq mümkündür. Bu halda, qarşılıqlı əməkdaşlıq daha səmərəli olacaq”.

T.Öztürk onu da qeyd edib ki, türk dünyasının kənd təsərrüfatı potensialı çox böyükdür: “Əgər birlikdə bu sahəyə düzgün planlama ilə yanaşsaq, yaxın 5-10 ildə böyük nəticələr əldə edə bilərik. Xüsusilə işğaldan azad olunmuş Azərbaycan torpaqları bu baxımdan çox münbitdir. Əgər biz kənd təsərrüfatı sahəsində özümüz istehsal edib özümüzü təmin edə bilsək, o zaman xarici asılılıq tamamilə aradan qalxacaq. Bunun üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində gömrük ittifaqı və azad iqtisadi zona yaradılması vacibdir. Bu addımlar atılarsa, türk dünyası qarşıdakı 100 il ərzində dünyanın ən böyük ərzaq təminatçılarından birinə çevriləcək”.

Mission News Theme by Compete Themes.