Azərbaycan nümayəndə heyəti Qazaxıstanda səfərdədir
BAYRAQDAR MEDİA – Azərbaycan nümayəndə heyəti Qazaxıstanda səfərdədir. Avqustun 5-də vilayət hakimi (rəhbəri) Bərik Uali Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirib.
Bu barədə Vilayətin mətbuat xidmətindən məlumat yayılıb.
Məlumata görə, görüşdə Azərbaycan-Qazaxıstan İşgüzar Şurası sədrinin müavini, Türk İş Adamları Assosiasiyasının İdarə Heyətinin sədri Aslan Kunyarov, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Biznesin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər: “Nümayəndə heyəti Alaköl sahilində beynəlxalq səviyyəli müalicəvi-istirahət kompleksinin tikintisinə dair təklif irəli sürüb və bu investisiya layihəsini təqdim edib. İnvestorlar Alaköldə ilboyu fəaliyyət göstərəcək, eyni vaxtda 800 nəfərə qədər turist qəbul edə biləcək bir obyekt inşa etməyi planlaşdırırlar. Layihənin dəyəri 20 milyon ABŞ dolları təşkil edir. Kompleks fəaliyyətə başladıqdan sonra təxminən 200 yeni iş yeri açılacaq. Bununla yanaşı, layihə bölgənin turizm cəlbediciliyini artıracaq, yerli büdcəyə daxil olan vergi həcmini çoxaldacaq və tibblə istirahəti birləşdirən yeni bir klasterin formalaşmasına imkan verəcək”.
Məlumata əsasən səfir Alim Bayel bildirib: “Azərbaycan və Qazaxıstan münasibətləri yeni bir müttəfiqlik mərhələsinə qədəm qoyub. Qazaxıstan Prezidenti Kasım-Jomart Toqayev ötən il üç dəfə rəsmi səfərlə Azərbaycanda olub. Dövlət başçısı bizə Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək, istehsal və turizm sahələrində birgə layihələri həyata keçirmək kimi konkret tapşırıqlar verib. 2024-cü ildə Qazaxıstan-Azərbaycan Birgə İnvestisiya Fondu yaradılıb. Əgər Alaköl layihəsi uğurla həyata keçsə, bu, həmin fond çərçivəsində reallaşan ilk layihələrdən biri olacaq.”
Vilayət hakimi layihənin region üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Qazax və azərbaycanlılar – ortaq köklərə və ortaq tarixə malik qardaş xalqlardır. Bizi birləşdirən, doğmalaşdıran çox sayda ortaq dəyər var. Vilayətimizə belə gözəl bir təkliflə gəlməyinizə və bu genişmiqyaslı turizm kompleksini bölgəmizdə inşa etmək niyyətinizə görə çox şadıq. Hazırda Alaköl turizm zonasının baş planı hazırlanır. Oradan sizə yer ayırmağa hazırıq. Hökumət tərəfindən lazımi dəstək göstəriləcək”.









