BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin təcrübəsini daha da zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni “Air Tastes” xidmətini təqdim edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər. Yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və ya şam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıq yeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yer alır”.
Ardınca xəbərdə, “bu xidmətdən yararlanan sərnişinlərə standart menyu təqdim olunmur – əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu ilə qarşılanır. Qeyd edək ki, “Air Tastes” ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdim olunur. “Air Tastes” xidməti yalnız onlayn qaydada – AZAL-ın rəsmi www.azal.az veb-saytı və ya mobil tətbiqi üzərindən, “Rezervasiyanın idarə olunması” bölməsində uçuşdan 24 saat əvvəl sifariş edilə bilər” deyə bildirilir.
Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsi olaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.
Bildirək ki, xidmət haqqında linkdən daha ətraflı məlumat əldə etmək olar.





