Press "Enter" to skip to content

Azərbaycanın milli məfkurəsi

Senan KAZIMOĞLU

Son yeniləmə: 29 Dekabr 2025

Sənan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bir müddət əvvəl sosial şəbəkələrdə bir kitabdan alınmış paylaşım gördüm. Kitabın müəllifi bir zamanlar gənclər arasında məşhur olan bir rep qrupunun üzvü idi. Nə əvvəllər, nə də indi bu qrupa baxışım heç vaxt müsbət olmayıb. Təəssüf doğuran məqam isə odur ki, bu qrup və onun üzvləri hələ də Azərbaycan gəncliyinə ciddi təsir göstərirlər.

Kitaba gəldikdə isə problem daha geniş və dərindən hiss olunur. Kitabdakı həmin hissəni sizinlə olduğu kimi bölüşürəm:

“Azərbaycanın ideologiyası yoxdur. Bax, bizim bircə fikrimiz var: Qarabağı qaytarmaq. Başqa heç nə. Azərbaycanlıları birləşdirən başqa heç nə yoxdur. İndi təsəvvür elə ki, Qarabağ da qayıtdı. Hə… Bəs sonra? Sonra nə etmək lazımdır? İnkişaf eləmək? Bu ideologiya ola bilər? İnkişaf… Demokratiya? Yoxsa nə? Nə istəyir azərbaycanlılar? Özləri bilirlər? Yox. Azərbaycan gah geriyə, gah irəliyə gedir, gah yerində sayır. Gah islama qayıdır, gah efirdə soyunur. Gah deyir ki, türk dövlətidir, gah deyir ki, dünyəvidir”.

Yazıda ən çox diqqət çəkən məsələ Azərbaycanın yeganə ideologiyasının Qarabağla bağlı olması və bundan başqa ümummilli bir məqsədinin mövcud olmadığı fikridir. Halbuki bir xalq və dövlət üçün ideologiya onu hərəkətə gətirən əsas gücdür. Əgər bir xalqın və ya dövlətin ideologiyası yoxdursa, bu, onun dünyaya deyəcək sözü olmadığı anlamına gəlir. Belə olan halda həmin xalqın və dövlətin mövcudluğu da mənasız olur. Onsuz da tarix göstərir ki, ideologiyası olmayan xalqlar zamanla yoxa çıxır və unudulur.

Məşhur türkçü yazar Hüseyn Nihal Atsız ideologiya – yəni milli amal haqqında belə deyirdi: “Bir ideya ətrafında toplanmaq və onun uğrunda ölümə belə razı olaraq mübarizə aparmaq nə gözəl şeydir! İnsanlar yalnız ideya ilə heyvanlardan fərqlənə bilirlər. Milli bir ideya olmadıqdan sonra insanın heyvandan nə fərqi qalır?”

O, başqa bir yazısında isə bildirir: “İdeyalar böyüklük davasıdır. Ona görə də böyümək istəyən, ucalmaq arzusunda olan millətlərin mütləq ideyası olur”.

Bəs Azərbaycanın ideologiyası, milli amalı nədir?

Bu mövzuda böyüklərimizin, fikir adamlarımızın müəyyən etdiyi bir yol var. Əlbəttə, Qarabağın işğaldan azad olunması Azərbaycanın hədəflərindən biridir. Amma bu, məqsəd yox, daha böyük bir amal yolunda vasitədir. Əsl məqsəd isə hələ qarşıdadır.

Azərbaycanın son böyük hökmdarı Nadir Şah olub. Onun dövründən sonra isə Azərbaycan parçalanmağa başladı. Son 250 illik tariximizdə vətənimiz hissə-hissə bölünərək bugünkü 86,6 min kvadrat kilometr ərazidə qaldı. Bu ərazinin də 20 faizi 1990-cı illərin əvvəllərində işğal altına düşdü.

Allaha şükürlər olsun ki, biz bu tarixi çarxı tərsinə döndərərək Qarabağımızı geri aldıq. İndi Azərbaycan olaraq qarşımızda duran əsas hədəf — 250 illik parçalanmaya son qoymaq və itirilmiş torpaqlarımızı geri alaraq Bütöv Azərbaycan ideyasına çatmaqdır.

Bu fikir bəlkə də sizə mümkünsüz görünə bilər, bir xəyala bənzəyə bilər. Lakin unutmayaq ki, hər şey bir xəyal ilə başlayır. Mustafa Kemal Atatürk Samsuna çıxmazdan əvvəl Türkiyə Cümhuriyyəti sadəcə bir xəyaldı. Eyni şəkildə 27 sentyabr 2020-ci ilədək Qarabağ da bir xəyaldı. Amma biz artıq bu xəyalın gerçəyə çevrildiyinə şahid olduq.

Üstəlik, bizim bu gün “xəyal” adlandırdığımız şeyi tariximizdə dəfələrlə reallaşdırmış millətik. Azərbaycanın birliyini daha əvvəl qurmuşuq — yenidən də qura bilərik. Sadəcə inanmaq və bu yolda mübarizə aparmaq lazımdır.

Bəli, əlbəttə fərqindəyəm ki, bu məsələ 5-10 ilə həll olunacaq məsələ deyil. Dövlətlərin və millətlərin tarixində bu cür ideyalar qısa müddətdə formalaşmır və həyata keçmir. Biz sadəcə öz üzərimizə düşən vəzifəni yerinə yetirib bu bayrağı gələcək nəsillərə ötürmək məsuliyyətini daşıyırıq.

Biz görməsək belə inanmalı və çalışmalıyıq ki, gələcək nəsillər bu amala yetişəcək. Bu yolda çalışanlara, mübarizə aparanlara, əziyyət çəkənlərə eşq olsun.

Yazımı Türkiyənin tanınmış şairi Ahmet Kutsi Tecerin məşhur şeiri ilə bitirmək istəyirəm:

Orda bir yol var, uzaqda,
O yol bizim yolumuzdur.
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur.

Mission News Theme by Compete Themes.