Press "Enter" to skip to content

Bu yanaşma Qahirə Bəyannaməsinin “inklüziv və davamlı şəhərlər” çağırışı ilə səsləşir

Pərvanə Vəliyeva

Pərvanə Vəliyeva: Azad olunmuş ərazilərdə planlaşdırılan şəhərlər və kəndlər “yaşıl enerji”, ekoloji təmiz nəqliyyat, ağıllı infrastruktur və resursların səmərəli istifadəsi prinsiplərinə əsaslanır

BAYRAQDAR MEDİA – Azərbaycan 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu tədbir dünyada BMT-in İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı və Nyu Yorkda keçirilən Baş Assambleya tədbirlərindən sonra, üçüncü ən böyük və mötəbər tədbirdir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva belə deyib.

O, qeyd edib ki, tədbir BMT-in Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə həyata keçiriləcək: “WUF13-də iştiraka dair dəvətlər UN-Habitat tərəfindən müvafiq şəhərsalma nazirlərinə, bir sıra hallarda maliyyə nazirlərinə də ünvanlanır. Hazırda UN-Habitat, üzv dövlətləri və tərəfdaşları WUF13 – Dünya Şəhər Forumunun 13-cü sessiyasında uğurlu mənzil layihələrini təqdim etməyə dəvət edir. Bu qlobal platforma dünyada mənzil təminatına əhəmiyyətli təsir göstərmiş və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin həyata keçirilməsinə böyük töhfələr vermişdir”.

Millət vəkili bildirib ki, UN-Habitat tərəfindən edilən çağırış qlobal mənzil böhranı ilə bağlı təcili tədbirlərin görülməsini vurğulayır, BMT-in 2030 Gündəliyinə əsasən evsizlik probleminin həllinə nail olmağın, yoxsulluğun aradan qaldırılmasının, iqlim dəyişmələri və böhranlardan çıxışın əsas şərti kimi qəbul edir: “Xüsusilə, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondu məhəllələrinin layiqli həyat şəraitinə transformasiyasının vacibliyi qeyd olunur. Mənzilin əlçatanlığı evsizliyin qarşısını almaq üçün mühüm amil olaraq qalır, böhran bölgələrində bərpa və yenidənqurma işləri isə təxirəsalınmaz prioritetdir”.

P.Vəliyevanın sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və “Böyük Qayıdış” üzrə dövlət proqramı UN-Habitat və WUF12 yekun sənədi – Qahirə Bəyannaməsinin prinsiplərinin real praktikada tətbiqinə nümunədir: “Burada əsas məqsəd yalnız evlərin və şəhərlərin bərpası deyil, həm də insanlara təhlükəsiz, inklüziv və dayanıqlı bir gələcək qurmaqdır. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə Azərbaycanın deyil, həm də qlobal urbanizasiya gündəliyinin yeni model məkanı kimi formalaşır. Azərbaycanın Böyük Qayıdış proqramı həm sosial-iqtisadi inkişafı, həm də dayanıqlı şəhərsalma prinsiplərini özündə birləşdirərək, bölgəni müasir şəhər həyatının mərkəzinə çevirməyi hədəfləyir. Qahirə Bəyannaməsində vurğulandığı kimi, adekvat yaşayış hüququ sosial müdafiənin dayağıdır. Azərbaycanın azad olunmuş torpaqlarında tikilən yeni qəsəbələr və şəhərlər bu prinsipi gerçəkləşdirir. Ağalı kəndində “ağıllı kənd” modeli, Cəbrayılda, Füzulidə və digər bölgələrdə həyata keçirilən layihələr müasir yaşayış standartlarını təmin etməklə yanaşı, qayıdan əhalinin rifahını əsas prioritet kimi götürür”.

O da vurğulanıb ki, azad olunmuş ərazilərdə planlaşdırılan şəhərlər və kəndlər “yaşıl enerji”, ekoloji təmiz nəqliyyat, ağıllı infrastruktur və resursların səmərəli istifadəsi prinsiplərinə əsaslanır: “Bu yanaşma Qahirə Bəyannaməsinin “inklüziv və davamlı şəhərlər” çağırışı ilə səsləşir. Azərbaycan mədəni irsin qorunmasına xüsusi önəm verir. Qarabağda və Zəngəzurda bərpa edilən tarixi məscidlər, məbədlər, qəbiristanlıqlar və muzeylər Qahirə Bəyannaməsində vurğulanan “mədəniyyət və irsi dayanıqlılıq üçün dəyərləndirmək” prinsipini əyani şəkildə nümayiş etdirir. Bu, həm də qayıdan insanların milli kimlik və mənəvi bağlarını gücləndirir”.

Qeyd edilib ki, Azərbaycanın müasir şəhərsalma təcrübəsi yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır: “Paytaxt Bakıda həyata keçirilən müasir şəhərsalma təcrübələri, regionlarda müasir nəqliyyat və infrastruktur layihələri, ekoloji parkların salınması və sosial yönümlü yaşayış massivlərinin yaradılması ölkəmizin ümumi urbanizasiya vizyonunu ortaya qoyur. Beləliklə, Azərbaycan həm işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı ilə, həm də digər bölgələrdə tətbiq olunan müasir şəhərsalma təcrübələri ilə ümumdünya şəhərsalma prinsiplərinin canlı nümunəsinə çevrilir. Bu, yalnız binaların inşası deyil, həm də inklüziv, dayanıqlı və gələcəyə yönəlmiş bir həyat mühitinin qurulması deməkdir”.

Mission News Theme by Compete Themes.