İmtahanlarda türk dili seçimi təqdim olunsun
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsi İraqın Daxili İşlər Nazirliyinə rəsmi müraciət edərək Kərkük, Mosul, Səlahəddin və Diyalə vilayətlərində keçirilən sürücülük imtahanlarına türk dilinin əlavə edilməsini tələb edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, müraciətdə İraq Konstitusiyasının 4-cü maddəsi və Federal Ali Məhkəmənin 15/1 Federal / 2008 saylı qərarına istinad edilərək, həmin bölgələrdə türkmən dilinin rəsmi statusa malik olduğu vurğulanıb: “Bu kontekstdə qeyd olunub ki, sözügedən vilayətlərdəki Avtomobil Yolları Müdirlikləri tərəfindən təşkil olunan sürücülük imtahanlarında türkmən vətəndaşların ana dillərində müraciət etmək və imtahan vermək hüquqları təmin olunmalıdır”.
Türkmən Cəbhəsi imtahanlarda türk dili seçiminin təqdim edilməməsini vətəndaşların konstitusion hüquqlarının pozulması və bərabərlik prinsipinə açıq ziddiyyət kimi dəyərləndirib. Bundan əlavə, sürücü namizədlərinin yol hərəkəti qaydalarını və prosedurlarını düzgün başa düşməsi baxımından türk dilində imtahan verə bilməyin vacibliyi qeyd edilib.
Sonda müraciətdə bu fundamental hüququn təmin olunması və konstitusion çərçivədə zəruri tədbirlərin təcili görülməsi çağırışı yer alıb.





