Son yeniləmə: 23 Avqust 2025
Anadolu Universiteti Bakıda məzuniyyət mərasimi keçirib
BAYRAQDAR MEDİA – Dünya miqyasında “Qlobal Kampus” olma hədəfi ilə fəaliyyət göstərən Anadolu Universiteti, 43-cü ilində də xarici ölkələrdə olan tələbələrinə dəstəyini davam etdirir. Universitet, xaricdə təhsil alan tələbələrinə verdiyi önəmi bu il də Bakıda təşkil etdiyi məzuniyyət mərasimi ilə nümayiş etdirdi.

Məlumat üçün bildirək ki, ötən həftə azərbaycanlı məzunlarını bir araya gətirən universitet, tələbələrin illərlə çəkdikləri zəhməti qiymətləndirmək və bu xüsusi anı birlikdə qeyd etmək üçün mənalı bir mərasim hazırlamışdı. Anadolu Universitetinin Açıqöğretim, İqtisadiyyat və İdarəetmə fakültələri ilə Magistratura Təhsil İnstitutunu bitirən məzunlar, uzun və çətin akademik yolun ardından diplomlarına qovuşma sevincini yaşadılar.

Bakı Maarif Məktəblərində keçirilən məzuniyyət mərasimində Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel, Açıqöğretim Fakültəsi Xaricdəki Proqramlar Bölmə müdiri Salih Gümüş, Türkiyə səfirliyinin Bakıdakı təhsil müşaviri Yurdagül Aydoğan, Azərbaycan Təhsil Nazirliyinin Ali Təhsil Şöbəsinin müdiri Dos. Dr. Elza Səmədli, Azərbaycandan olan və Eskişəhirdən gəlmiş media nümayəndələri, məzunlar və onların ailələri iştirak edirdilər.
Prof. Dr. Yusuf Adıgüzel: Təhsil artıq dörd divar arasında deyil, bütün dünyada həyata keçirilməli vacib olan bir sistemdir
İki qardaş ölkənin dövlət himnlərinin oxunmasından və Anadolu Univeristeti haqqında tanıtım filminin təqdimatından sonra çıxış edən rektor Prof. Dr. Yusuf Rektor Yusuf Adıgüzel bildirdi ki, Anadolu Universiteti 1958-ci ildə qurulub: “Anadolu Universiteti Türkiyənin ən köklü ali təhsil müəssisələrindən biri və Açıqöğretim sistemində dünyanın ən böyük üçüncü universitetidir. 1982-ci ildən bəri açıq və uzaqdan təhsil verən universitetimiz, bir milyondan çox tələbəsi ilə qlobal bir təhsil şəbəkəsinə sahibdir”.

Qeyd edilidi ki, təhsil artıq yalnız sinif otaqları ilə məhdudlaşmır, bütün dünyada həyata keçirilməlidir: “Anadolu Universiteti hazırda 50-dən çox ölkədə dərs keçir və imtahan təşkil edə bilir. Universitetin mərkəzi ofisi olan Yunus Emre Kampusu yalnız üzbəüz təhsilin deyil, qlobal tədrisin də mərkəzinə çevrilib. 43 ildir ki, xüsusən də əlilliyi, maddi imkansızlığı və ya ailəvi səbəbləri üzündən təhsil ala bilməyən gənclərə imkan yaradırıq”.
“Hazırda dünya üzrə milyonlarla məzun və 100-dən çox ölkədən tələbəyə təhsil veririk” deyən rektor əlavə etdi ki, süni intellektin təhsil sistemimizə etik şəkildə daxil edilməsi istiqamətində işlərimiz davam edir: “Bu il həyata keçirdiyimiz Türk Dili və Mədəniyyəti Proqramı dünyanın hər yerindən tələbələrə türk dilini öyrədərək, dilimizi və mədəniyyətimizi qlobal miqyasda tanıdacaq mühüm layihədir. Türkçənin öyrədilməsi və yaşadılması, zəngin mədəniyyətimizin dünyaya tanıdılması sayəsində dünyanın hər yerindən tələbələr bizi yaxından tanıyacaq. Azərbaycanlı qardaşlarımızla burada olmaq münasibətlərimizin daha da güclənəcəyinin göstəricisidir. Məzunlarımızı və ailələrini ürəkdən təbrik edirəm.”
Prof. Dr. Birol Akgün: Maarif ənənələrini qorumaq, təhsildə köklərimizə sadiq qalmaq bizim üçün böyük əhəmiyyət daşıyır
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün dedi ki, maarif ənənələrini qorumaq, təhsildə köklərimizə sadiq qalmaq bizim üçün böyük əhəmiyyət daşıyır: “Bu baxımdan Anadolu Universitetinə təşəkkür edirəm. Çünki rəqəmsal təhsil gələcəyin əsas modeli olacaq. Tələblərə uyğun formalaşan modul təhsil sistemi tələbələrə çevik və səmərəli öyrənmə imkanı yaradır”.

Səfir əlavə etdi ki, təhsil təkcə bu günü deyil, gələcəyi də formalaşdıran bir prosesdir: “Türkiyə və Azərbaycan qardaş ölkələr olaraq, bu əməkdaşlıq vasitəsilə təhsildə güclü bir bağ qururuq. Anadolu Universiteti bu bağları möhkəmləndirərək hər iki ölkədə tələbələrə imkanlar yaradır.”
Dos. Dr. Elza Səmədli: Təhsil ömür boyu davam edən bir yolculuqdur
Azərbaycan Təhsil Nazirliyinin Ali Təhsil Şöbəsinin müdiri Dos. Dr. Elza Səmədli çıxışına məzunları təbriklə başladı.
O, həmçinin, Azərbaycanda açıqöğretim modelini həyata keçirərək tələbələrə bu imkanı yaradan Anadolu Universitetinə təşəkkür etdi.

Bildirildi ki, “təhsil sərhəd tanımayan bir gücdür, texnologiya və süni intellekt sayəsində dünya daha da kiçilib. Əziz məzunlar, Anadolu Universitetindən aldığınız təhsil ilə Türk təhsil sistemini təmsil edəcəksiniz. Uğurlar arzulayıram. Unutmayaq ki, təhsil ömür boyu davam edən bir yolculuqdur; hər gün yeni biliklər əldə etməli, diplomlarımızın haqqını verməliyik. Anadolu Universitetinə töhfələrinə görə təşəkkür edirəm.”
Təhsil müşaviri Yurdagül Aydoğan: Anadolu Universiteti tələbələrə yalnız akademik bilik deyil, eyni zamanda arzularının arxasınca gedə biləcək bacarıq da qazandırır
Məzunlar qarşısında çıxış edən təhsil müşaviri Yurdagül Aydoğan dedi ki, Anadolu Universiteti tələbələrinə özünə intizam, zamanın idarəsi və məsuliyyət hissi kimi həyatda mühüm olan dəyərləri aşılayır.

Qeyd edildi ki, bu ali məktəb onlara yalnız akademik bilik deyil, eyni zamanda arzularının arxasınca gedə biləcək bacarıq da qazandırır: “Burada əldə etdikləri ən önəmli şey, arzularına çatmaq üçün cəsarət tapmalarıdır. Tələbələrimizin təhsillə arzularını reallaşdırmaları bizi həm qürurlandırır, həm də ümidləndirir. Bu uğurda əməyi olan bütün akademik heyətə, ailələrə və məzunlarımıza təşəkkür edir, hamınızı təbrik edirəm. Yolunuz açıq, gələcəyiniz parlaq olsun.”
Azərbaycanlı tələbələrdən təşəkkür çıxışı
Sonra söz yüksək nəticə ilə ali məktəbi başa vuran məzunlara verildi. 2024–2025-ci tədris ilində Anadolu Universiteti Açıqöğretim Fakültəsinin İctimaiyyətlə Əlaqələr və Reklam ixtisası, Korporativ Kommunikasiya proqramını yüksək nəticə ilə bitirən İlkana Quluzadə “Rektorumuz Prof. Dr. Yusuf Adıgüzelə, xüsusilə azərbaycanlı tələbələrə yaradılan imkanlara görə təşəkkür edirəm. Eyni zamanda bu müddətdə bizə dəstək olan bütün müəllimlərimizə minnətdaram. Hamımızın bildiyi kimi, məzuniyyət son deyil; təhsilimizdə və karyeramızda yeni bir başlanğıcdır. Bu gün burada olmaqdan böyük qürur duyuram” dedi.

Anadolu Universiteti Açıqöğretim Fakültəsinin Sosiologiya bölməsini yüksək nəticə ilə bitirən Mehriban Həsənova çıxışında Mustafa Kemal Atatürkdən missal gətirdi: “Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün dediyi kimi: “Dünyada hər şey üçün, mədəniyyət üçün, həyat üçün, uğur üçün ən doğru bələdçi elmdir”. Anadolu Universitetinin bizə təqdim etdiyi uzaqdan təhsil proqramlarından biri olan Sosiologiya bölməsini yüksək nəticə ilə bitirməyin qürurunu yaşayıram. Bu ixtisas mənə həyat dünyamı dərk etməyi, cəmiyyəti anlamağı və ümumi rifah üzərində düşünməyi öyrətdi.”
Açıqöğretim Fakültəsinin İctimaiyyətlə Əlaqələr və Reklam ixtisasını yüksək nəticə ilə bitirən Gülnar Fərhadova isə çıxışında dedi ki, şəxsi inkişaf yalnız davamlı olaraq yeni biliklər əldə etməklə mümkündür: “Bu səbəbdən, daha əvvəl ön lisans məzunu olsam da, həmişə öz evim kimi gördüyüm Anadolu Universitetinə müraciət etməyə qərar verdim və Allaha şükür, məzun oldum.”

Mərasimin sonunda məzunlara diplomlar Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel, Azərbaycan Təhsil Nazirliyinin Ali Təhsil Şöbəsinin müdiri Dos. Dr. Elza Səmədli, Bakı Təhsil Müşaviri Yurdagül Aydoğan, Açıqöğretim Fakültəsi Xaricdəki Proqramlar Bölmə müdiri müəllim Salih Gümüş və media nümayəndələri tərəfindən təqdim olundu.
Bundan başqa mərasim çərçivəsində Azər Hətəmov, Araz Hətəmzadə və Cemal Yangına plaket təqdimetmə mərasimi keçirildi. Rektor Prof. Dr. Yusuf Adıguzel 15 il ərzində Anadolu Universiteti Azərbaycan Proqramlarının fəaliyyətində göstərdikləri xidmətlərə görə onlara təşəkkür etdi.

Mərasimdə çıxış edən Cemal Yanğin isə ötən 15 ilə tarixi ekskurs etdi. O, həmçinin bu günə qədər olduğu kimi bundan sonra da Anadolu Universitetinin azərbaycanlı məzunlarına işlə bağlı dəstək göstərəcəklərini bəyan etdi.
Tədbir, məzunların papaqlarını havaya atması ilə başa çatdı.









