Bu razılaşma Güney Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu
BAYRAQDAR MEDİA – “Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu”.
Bu barədə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan avqustun 11-də Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib.
O deyib ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başlayıb.
R.T.Erdoğan Azərbaycanla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da alqışlayıb: “Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğuladım. Ermənistanın Baş naziri Nikol Paşinyanla telfon söhbətində də bu mövzunu müzakirə etdik. Regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir”.
Avqustun 12-də Ankarada Gürcüstan prezidenti Mixail Kavelaşvilini qəbul edəcəklərini bildirən R.T.Erdoğan, Balkanlardan Qafqaza, Afrikadan Orta Asiyaya qədər bu bölgədə sülhün hökm sürməsi üçün mübarizələrini davam etdirəcəklərini vurğulayıb.





