Press "Enter" to skip to content

Azərbaycanın ilk açıq hava elm mərkəzi

Azərbaycanın ilk açıq hava elm mərkəzi

BAYRAQDAR MEDİA – Azərbaycanın təhsil mühitində mühüm bir yenilik reallaşır. Sabunçu rayonunda yerləşən Hədəf Liseyi Stars campus ərazisində ölkəmizin ilk Açıq Hava Kamil İnteraktiv Elm Mərkəzi fəaliyyətə başlayır.

Xəbər BAYRAQDAR MEDİA-ya Hədəf Şirkətlər Qrupundan daxil olub.

Xəbərə görə, “layihənin rəhbəri, Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiq bildirib ki, mərkəzdə 20-yə yaxın interaktiv elmi eksponat qurulacaq və əsas məqsəd məktəblilərin elmi toxunaraq, edərək və əylənərək öyrənməsini təmin etməkdir. Elm Mərkəzində fizika, kimya, riyaziyyat, biologiya, informatika kimi fənlərə aid böyüdülmüş, real işlək konstruksiyalar təqdim olunacaq. Mərkəz təkcə liseyin balabilgələri üçün deyil, həftə sonları digər məktəblilər və ziyarətçilər üçün də açıq olacaq. Eksponatlar ziyarətçilərə klassik dərs mühitindən kənarda, açıq havada elmin gözəlliyini və prinsiplərini təcrübə yolu ilə öyrənmək imkanı yaradacaq”.

Xəbərdə təqdim ediləcək bəzi nümunələr də qeyd edilib:

• Şaquli momentum – enerji və hərəkət miqdarının qorunması qanunlarını nümayiş etdirən mexaniki qurğu;

• Nyuton beşiyi – təsir və əks-təsir qanununun vizual izahı;

• Maye dinamikası – girdabların əmələgəlmə prosesini əyani göstərən qurğu;

• Səsli borular – akustikanın əsas prinsiplərini izah edən musiqili təcrübə;

• Səsin səyahəti – səsin havada yayılma sürətini hiss etdirən interaktiv model;

• Pifaqor modeli – məşhur riyazi teoremin vizual təqdimatı;

• Avtomobil qaldırıcı – mexaniki üstünlüyün gündəlik həyatda tətbiqini göstərən eksponat;

• Böyük qulaq – səs dalğalarının fokuslanma prinsiplərini nümayiş etdirən parabolik səth;

• DNT modeli – həyatın genetik kodunun ikili spiral quruluşunun təsviri.

Bildirilib ki, “Şəmil Sadiq layihə barədə: “Elm yalnız kitab səhifələrində deyil, həyatın özündədir. Biz istəyirik ki, uşaqlar sadəcə oxumasın, görsün, toxunsun, hiss etsin. Bu mərkəz elmin əyləncəli və əlçatan olduğunu göstərmək üçün yaradılıb” deyə qeyd edib. Yeni mərkəz Azərbaycanın elmi maarifləndirmə sahəsində ilk açıq hava konseptli təcrübə məkanı olmaqla yanaşı, həm də regionda məktəblilər üçün innovativ təhsil modelinə nümunə olacaq. Açılış mərasimi sentyabrın 12-də baş tutacaq və ictimaiyyət üçün açıq olacaq.

Ünvan: Hədəf Liseyi Stars campus / Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 3”.

Mission News Theme by Compete Themes.