Press "Enter" to skip to content

Bu iki dövlət heç vaxt Azərbaycanın böyük uğurlar əldə etməsini istəməyib

Xatirə fotosu

Araz Elsəs: Belə bir coğrafi şəraitdə əldə olunan uğur yalnız alqışlanmalıdır

BAYRAQDAR MEDİA – “Qısaca desək, mən çox sevincli və həyacanlıyam. Sevincim ondandır ki, belə mühüm bir görüş baş tutdu, sənəd imzalandı və məsələ öz həllini tapdı. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində əldə edilən razılaşma böyük uğurdur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı hazırda İsveçdə yaşayan Güneyli tanınmış ozan Araz Elsəs dedi.

Qeyd edək ki, bu yaxınlarda yenidən Azərbaycana səfər edən Araz Elsəsin müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Hələlik isə onu bildirək tanınmış Güney Azərbaycanlı ozan Vaşinqton görüşünün nəticələrini hədəfə alanların haqsızlıq etdiklərini bildirdi: “Bu haqsız davranışları sərgiləyənlər bir həqiqəti unutmamalıdırlar: Azərbaycan iki böyük qonşunun – quzeydən Rusiyanın, güneydən isə İranın əhatəsində yerləşir. Bu iki dövlət heç vaxt Azərbaycanın böyük uğurlar əldə etməsini istəməyiblər. Belə bir coğrafi şəraitdə əldə olunan uğur isə tarixi nailiyyətdir və yalnız alqışlanmalıdır”.

Araz Elsəs vurğuladı ki, iki nəhəng dövlətin, iki imperiyanın arasında yerləşən kiçik bir ölkə olaraq belə uğurlu siyasət yürütmək inanılmazdır, amma bu reallıqdır: “Biz bu uğurlu siyasəti alqışlamalı, təbliğ etməli, dəstəkləməliyik. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bu siyasəti müdafiə etməlidir. Belə bir uğuru görüb ona kölgə salmaq isə, ən yüngül ifadə ilə desək, insafsızlıqdır. Bu gün Orta Asiyadan Altaylara, dünyanın bir ucundan digər ucuna uzanan yol açılır. Bu, Turan yoludur. Burada təbii ki, iqtisadi imkanlar və dividendlər də mövcuddur, amma ən əsası – türk dünyasını bir-birinə daha sıx bağlayacaq strateji yolun açılmasıdır. Bu uğura nail olmaq və bu siyasəti davam etdirmək üçün bizə zəmanət verə biləcək güclü bir tərəfdaş lazım idi. Bu rolu isə məhz ABŞ öz üzərinə götürdü”.

“Bir daha Azərbaycan dövlətini və dövlət başçımızı uğurlu siyasətə görə təbrik edirəm. Güneydən baxanda bu siyasətin nəticələrini gördükcə Güney Azərbaycan türkləri bununla fəxr edirlər” deyə o, sonda əlavə edib.

Mission News Theme by Compete Themes.