BAYRAQDAR MEDİA – Bu il Türkiyədə 1 milyondan çox birinci sinif şagirdi və ümumilikdə 20 milyona yaxın şagird sentyabrın 8-də yeni tədris ilinin ilk dərsinə girəcək. Məktəblərin açılmasına az qalmış valideynlər artıq qeydiyyat hazırlıqlarına başlayıblar.
Bu barədə haberankara.com saytı məlumat yayıb.
Bildirilib ki, “rəsmi açıqlamaya əsasən, qeydiyyat prosesi ünvana əsaslanan sistem üzrə aparılacaq. Birinci sinfə qəbul ediləcək uşaqların hansı məktəbə yazıldığı barədə məlumat ötən ay e-Okul sistemi vasitəsilə açıqlanıb. Məktəblər də qeydiyyatları həmin məlumata uyğun həyata keçirirlər”.
Məlumata əsasən, bu ildən etibarən məktəblərdə sərbəst geyim qaydası ləğv olunur: “Artıq ibtidai, orta və lisey şagirdləri üçün geyim forması məktəb valideyn komitəsinin idarə heyəti və müəllimlərin birgə qərarı ilə müəyyən ediləcək. Geyimlərdə xüsusi nişan, çap və ya fərqləndirici təsvirlərə icazə verilməyəcək. Qəbul edilən formaların təsviri məktəbin internet saytında dərc olunacaq. Formanın dizaynı 4 tədris ili ərzində dəyişdirilməyəcək”.
Bu qərarla formaların daha iqtisadi, sadə və istifadəyə rahat olması hədəflənir. Xüsusi sağlamlıq vəziyyəti olan şagirdlərin isə uyğun geyim geyməsinə icazə veriləcək.





