Press "Enter" to skip to content

Türkiyə-Azərbaycan münasibətlərində gizli əllər

Senan KAZIMOĞLU

Son yeniləmə: 29 Dekabr 2025

Sənan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bəzən Türkiyə mediyasında və ya sosial şəbəkələrində Azərbaycan əleyhinə qəribə tənqidlər, hətta təəssüflər olsun ki, təhqirlər ilə qarşılaşılır. Bu, Azərbaycan tərəfindən çaşqınlıqla qarşılanır. Əlbəttə bu, qardaş olaraq gördüklərimiz adına heç də xoş hərəkətlər deyil. Biz, Azərbaycan türkləri, buna çox təəccüb edirik. Bu gün bir az bu mövzudan yazmaq istəyirəm.

Bu məsələni anlamaq üçün Türkiyə cəmiyyətini tanımaq lazımdır. Bizlər Türkiyəni vahid bir türk milləti olaraq düşünsək də, Türkiyədə Osmanlıdan bəri idarə mexanizmində türk olmayan millətlərin sayı çoxdur. Bu ünsürlər də fərqli ideologiyalar adı altında açıq-aşkar türk düşmənliyi edirlər. Bu, sadəcə Türkiyə xaricindəki türklərə qarşı deyil, hətta Türkiyənin öz yerli türklərinə və türkiyə Cümhuriyyətinə qarşı da düşmənçilikdir. Təəssüflər olsun ki, bunlar güclü olduqları media vasitəsilə bunu əllərindən gəldikcə yaymağa çalışırlar. Bəzən də yalan və yanlış fikirləri ilə məsum insanları aldatmağı bacarırlar.

Ancaq 10 ildir Türkiyədə, üstəlik də yerli türklərin arasında, məhəllə mühitində yaşayan biri olaraq deyə bilərəm ki, yerli xalqın böyük bir qismi əsla sosial şəbəkələrdəki kimi deyil. Onlar bizi özlərindən ayrı görmürlər. Buna hər dəfə şahid oluram. Yəni Türkiyəni sosial şəbəkələrdən, seriallardan və ya mətbuatdan ibarət görməyin. Türk xalqı, inanın, bunlardan çox fərqlidir.

Bəzən dostlarla danışarkən bunları dediyim zaman, Türkiyəyə tətil üçün gedənlər mənə etiraz edirlər və belə bir vəziyyətlə qarşılaşmadıqlarını bildirirlər. Əlbəttə bu, normaldır. Çünki tətil bölgələrində çalışanların əsas marağı maddiyyatdır; onlar nəinki bizə, hətta öz yerli xalqına belə bu gözlə baxır və eyni rəftarı edirlər. Yerli türklərlə söhbət etdikdə də eyni ilə bizim kimi bu adamlardan çox şikayət edirlər. Yəni tətil bölgələrində yaşayan və ya çalışan şəxslərlə türk xalqını müqayisə etmək doğru deyil. Üstəlik, orada çalışanların hansı millətdən olduğu da bəlli deyil.

Başqa bir məsələ isə türk mediasında bizim əleyhimizə edilən yalan təbliğatdır. Bəli, mən də bu hallarla çox qarşılaşmışam. Diqqətimi çəkən odur ki, Türkiyənin rəsmi xəbər agentlikləri, Anadolu Ajansı, TRT kimi media orqanları xəbərin doğrusunu versə də bu xəbərlər normal insanlara çatmır. Sosial şəbəkələrdə mənbəyi bəlli olmayan səhifələr tərəfindən isə provokativ xəbərlər yayılır. Təəssüf ki, alqoritmlər bu xəbərləri türk sosial şəbəkə istifadəçilərinin qarşısına daha çox çıxarır. Türkiyədə yaşayan biri olaraq mən buna şəxsən şahid olmuşam. Türk istifadəçi də bizim kimi xəbəri Azərbaycan mənbələrindən dəqiqləşdirə bilmədiyi üçün, təəssüf ki, fərqli səhifələrdən yayılan təbliğatları doğru zənn edir. Burada bizim də günahımız olduğunu düşünürəm.

Bizə ən yaxın olan ölkədə, bizimlə eyni duyğu, düşüncə, soy və dil ilə bağlı olan bir yerdə belə əleyhimizə edilən bu qədər manipulyasiyaya qurban gediriksə, digər ölkələri siz düşünün.

Bu gün Türkiyədə bir çox ölkələrin və qurumların media uzantıları var. Bu mətbuat orqanları vasitəsilə həmin ölkələrin mənafeləri müdafiə olunur.

Bəs Azərbaycan?

Təəssüf ki, Türkiyədə Azərbaycanın mənafelərini müdafiə edəcək, əleyhimizə olan təbliğata cavab verə biləcək media orqanlarından məhrumuq. Bunun da günahı yenə özümüzdədir. Türkiyədə nə qədər çalışsaq da milli maraqlarımızı yayımlayacaq və əleyhimizə olan təbliğata cavab verəcək güclü bir media orqanı qura bilmədik. Qurduqlarımız isə ya təsirsiz qaldı, ya da bir müddət sonra fəaliyyətini dayandırdı.

Bu məsələdə bizə düşən vəzifə bizə qarşı olanların dəyirmanına su töküb fitnələrə uymamaq, əksinə əleyhimizə olan təbliğata cavab verə biləcək güclü bir qrup və media orqanı qurmaqdır. Məşhur bir mütəfəkkirin de dediyi kimi, “qaranlığa söyməkdənsə, bir şam da sən yandır”.

Mission News Theme by Compete Themes.