Araz Elsəsin Güneyli-Quzeyli Azərbaycan gənclərinə çağırışı
BAYRAQDAR MEDİA – “Əziz gənclər, qarşıda bizi gözəl günlər, yeni sabahlar, uğurlu bir gələcək gözləyir. Hər biriniz bu böyük günlərə, bütün sahələrdə əldə edəcəyimiz yeni nailiyyətlərə indidən hazırlaşmalısınız. Unutmayın ki, hər bir uğurla yanaşı, müəyyən çətinliklər də gəlir. Sabahın problemlərini həll edə bilmək üçün bu gündən möhkəm zəmin hazırlamalıyıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı hazırda İsveçdə yaşayan Güneyli tanınmış ozan Araz Elsəs deyib.
Qeyd edək ki, bu yaxınlarda yenidən Azərbaycana səfər edən Araz Elsəsin müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.
A.Elsəs bildirib ki, bu gün əlimizə böyük bir tarixi fürsət düşüb: “Azərbaycanımızın daha qüdrətli olması, türk dünyasının daha da güclənməsi üçün bu fürsəti dəyərləndirməliyik. Əks halda, gələcək nəsillər də, tarix də bizə bunu bağışlamaz”.
O, qeyd edib ki, Güney Azərbaycan türkləri üçün də mühüm imkan yaranıb: “Xüsusilə gənclər ayıq-sayıq, qətiyyətli olmalı, sabaha bu gündən hazırlaşmalıdırlar. Azərbaycanın gec-tez bütövləşəcəyi qaçılmaz bir həqiqətdir. Bu birlik dövründə yaranacaq problemlərin həlli barədə isə indidən düşünmək, o problemlərə hazır olmaq vacibdir. Gənclər birlikdə addım atmalı, bilikli, qətiyyətli, cəsarətli olmalıdırlar. Yəni, illərdir iki fərqli sistemdə yaşamış Güney və Quzeyin qucaqlaşması, bütövləşməsi sevinc gətirməklə yanaşı, müəyyən çətinliklər də yaradacaq. Mən əminəm ki, dövlətimiz bu problemlərin həlli üçün planlı şəkildə hazırlaşır. Amma bizlər də fərd olaraq – hər birimiz – bu prosesə hazır olmalı, öz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Bir sözlə, xüsusilə gənclər, Azərbaycanımızın bütövləşməsinə və o günün gətirəcəyi bütün sınaqlara hazır olmalıdırlar.”





