BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) müəssisələrində yaşayan uşaqlar üçün yay gəzintiləri təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirlər çərçivəsində uşaqlar Xəzər dənizinin sahilində müxtəlif əyləncəli fəaliyyətlərdə iştirak etməklə yanaşı, dənizdə çimmək və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər. Agentliyin Psixonevroloji sosial xidmət müəssisəsinin, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsinin, 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, eləcə də Məişət zorakılığından zərər çəkmiş şəxslərin Sosial Reabilitasiyası şöbəsinin benefisiarlarının cəlb olunduğu tədbirlərin məqsədi uşaqların yay tətilinin səmərəli və əyləncəli keçirilməsidir. Bu kimi tədbirlər sosial xidmət göstərilən uşaqların sosial bacarıqlarını inkişaf etdirmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək baxımından da xüsusi əhəmiyyətə malikdir”.
Gəzintilər çərçivəsində uşaqlar üçün Dənizkənarı bulvar, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Suraxanı” gəmi-muzeyinə səfərlər təşkil edilib.





