BAYRAQDAR MEDİA – 15-17 avqust tarixlərində Göygöl rayonunun Xan Yaylağında keçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, milli musiqi alətləri və müxtəlif əl işləri nümayiş olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilmiş “KOB FEST” sərgi-satış yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox ceşiddə məhsul və xidmətləri sərgilənib. Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da təşkil olunub”.
Bölgədə yaşayan sakinlər və turistlər tərəfindən “KOB FEST” sərgi-satış yarmarkası maraqla qarşılanıb.





