Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Son vaxtlar Azərbaycan cəmiyyətində bəzi qaragüruh tayfalar görürəm. Bu qruplar, xüsusilə də gənclər arasında heç də xoş olmayan bir əhval-ruhiyyə yayırlar. Azərbaycan hər hansı bir məsələdə bir dövləti qarşısına alacaq addım atdıqda, bu qaragüruh ortaya çıxır və gənclərimizi zəhərləməyə çalışır.
Onlar müstəmləkə zehniyyəti ilə hərəkət edərək hər hansı bir addımdan sonra “Rusiya bizi cəzalandıracaq”, “Amerika bizə embarqo tətbiq edəcək”, “Avropa bizə qapılarını bağlayacaq” kimi fikirlərlə cəmiyyətimizdə müstəmləkə hissiyyatı formalaşdırmağa çalışırlar.
Buna misal olaraq 27 sentyabr 2020-ci ildə başlayan Azərbaycanın İkinci Qarabağ Müharibəsini göstərə bilərik. Müharibənin ilk saatlarından “bu müharibə uzun çəkməyəcək”, “Rusiya və ya Qərb dövlətləri bizi dayandıracaq” kimi fikirlər ortaya atıldı. Amma belə olmadı. Eyni şəkildə, Rusiyanın Qarabağa 5 illik ordu yerləşdirməsindən sonra “rus əsgərləri buradan heç vaxt çıxmayacaq”, “erməni terror qruplaşmalarının nəzarətində olan Qarabağ bizə qaytarılmayacaq” iddiaları da səsləndirilirdi. Nəticədə isə 3 il ərzində həm Qarabağın tamamı geri alındı, 200 illik plan çökdü, həm də ruslar buradan daimi şəkildə çıxarıldı.
İndi, 8 avqust tarixində Vaşinqtonda imzalanan anlaşmadan sonra həmin qaragüruh yenidən ortaya çıxaraq “ruslar və iranlılar bunu cavabsız qoymayacaq, bizdən bunun əvəzini çıxacaqlar” zəhərini yayırlar. Başqa bir qaragüruh isə bölgəyə gələcək Amerikanın Azərbaycanı nəzarətinə keçirəcəyini iddia edərək xalqı yalanlarına inandırmağa çalışır.
Qardaşlar, bu tam bir müstəmləkə zehniyyətidir. Belə şeylərə etibar etməmək gərəkdir. Məğlubiyyət insanın ilk təslim olduğu andan başlayır.
Bu məqamda məşhur türkçü yazar Hüseyn Nihal Atsızın bir məqaləsi yadıma düşdü. Məqalə uzun olduğu üçün mövzumuzla bağlı qısa bir hissəsini təqdim edirəm: “Almaniya Çexiyanı bir neçə saatda işğal edib özünə qatdığı zaman çexlər bunu qəbul etdilər. Bu böyük tarixi hadisədə yalnız bir postda bir çex əsgəri öldü. Yəni böyük bir dövlət və ordu içində milli heysiyyəti olan yalnız bir insan çıxdı. Almaniyanın əhalisi 70 milyon, Çexiyanın isə 12 milyon idi və Çexiya mədəniyyət və texnika baxımından almanlarla bərabər idi…
“Ruslar Finlandiyaya hücum etdiyi zaman isə finlər silahla müqavimət göstərdilər. Üç ay boyunca amansız döyüşlər oldu. Sonda Rusiya bu ölkəni tamamilə almaqdan imtina edərək yalnız bir qismini özünə qatmaqla kifayətləndi. O dövrdə Rusiyanın əhalisi 180 milyon, Finlandiyanın isə cəmi 4 milyon idi.
“Bu iki nümunənin ortaya qoyduğu həqiqət budur: kiçik Finlandiya mənəvi dözümlülük, vəzifə əxlaqı və milli şüur baxımından çox güclü olduğu üçün ən əlverişsiz şəraitdə varlığını qorudu. Çexiya isə mənəvi zəiflik səbəbindən tüfəng atəşinə başlamadan təslim oldu. Halbuki silah baxımından mükəmməl idi, ağır sənayesi vardı, iqtisadi cəhətdən güclü idi. Amma milli şüur və mənəviyyat çatışmadığı üçün dağıldı. Deməli, milli şüur və əxlaq olmadıqda texnika, elm, silah və rifah millətin həyatını qorumaq üçün yetərli deyil”.
Atsızın dediyi kimi, müharibələri qazandıran hərbi üstünlükdən əvvəl milli əxlaq və şüurdur. Sizə düşmən olan hər bir millət əvvəlcə mənəviyyatınıza və milli şüurunuza hücum edər. Bunlar yıxıldıqdan sonra artıq var olmağınıza da ehtiyac qalmaz.
Milli şüurunuza və əxlaqınıza heç kimin müdaxilə etməsinə imkan verməyin. Çünki onlar yox olarsa, siz də yox olarsınız.





