BAYRAQDAR MEDİA ArazNews-un materialını təqdim edir:
Urmu Gölü acınacaqlı vəziyyətdədir və neçə minillik ömrünün ən ağır durumunu yaşayır.
Bu vəziyyətin yaşanacağı illər öncədən bəlli idi. Güney Azərbaycan xalqı onilliklər boyu tələbkarlıq edib, etiraz etdi ki, bu günün faciəsi yaşanmasın. Amma sanki iradə başqa cür qurulmuşdu!
20 il əvvəl, göl böhranın başlanğıcında ikən ilk xalq etirazları başladı və 14 il öncə, yəni 2011-cı ilin avqust ayında, İran parlamentində Urmu Gölünün xilası üçün təcili layihənin rəddindən sonra zirvəyə çatdı. Urmiyə və Təbrizdə küçə etirazları oldu, amma hər şey yenə də əvvəlki kimi davam etdi.
O günlərdə doğulan uşaqlar bu gün 20 yaşındadır və universitetə gedirlər. O gündən bu günə iki onillik vaxt vardı ki, bir iş görülsün, amma israrla heç bir addım atılmadı. Nə gölün qurumasını dayandırmaq üçün, nə də onu yenidən canlandırmaq üçün bir plan həyata keçirildi!
Əgər İran rejimi bu işləri bacarmır və büdcəsi yoxdur deyirsə, necə olur ki, Güney dənizlərinin suyunu şirinləşdirib İsfahana, Yəzdə və Məşhədə aparır? Deməli, məsələ büdcə, imkan və təcrübə deyil, tamam başqa şeydir.
Saysız-hesabsız mütəxəssislər, hətta İran rəsmilərinin özləri də dedilər ki, Urmiyə gölünün ölümü sadəcə bir gölün ölümü deyil, Güney Azərbaycanın ölümüdür. Gölün ölümü Təbrizin yaşanmaz hala gəlməsidir! İran rejimi bunu bilirdi, amma heç nə etmədi!
Doğrudanmı alma bağlarını və çuğundur tarlalarını bölgənin ənənəvi məhsulu – üzüm ilə əvəzləmək və onları damcı suvarma sistemi ilə suvarmaq bu qədər çətin idi? Sadə bir kənd təsərrüfatı mühəndisi də bunu edə bilərdi, sadəcə siyasi iradə və bir az büdcə lazım idi. Bunun üçün Tehranın büdcə ayırmasına da ehtiyac yox idi, Azərbaycanın mis və qızıl mədənləri asanlıqla bu vəsaiti təmin edə bilərdi. Amma İran rejimi Azərbaycanın mədənlərini taladı və israrla Urmiyə gölü üçün heç nə etmədi. Azərbaycanın mədənlərinin pulu ilə İsfahana və Yəzdə dənizdən su çəkildi.
İndi isə sıfır anı yaxınlaşır. Daha bir isti avqust gəlib və Güney Azərbaycan isti duzlu küləklərlə yanır. Göl hələ ölməyib, amma son nəfəsini verir.
Bəs hələ də ciddi və ümumi etiraz vaxtı çatmayıb?! Azərbaycan hələ də öz səssiz və yandırıcı ölümünə tamaşa edəcək?!





