BAYRAQDAR MEDİA – Son dövrlərdə payız, yaz və qış fəsillərində yağıntıların rekord həddə azalması, yay mövsümündə isə həddindən artıq isti havaların təsiri ilə Türkiyədə böyük bir quraqlıq və susuzluq riski yaranmışdı. Ankara və İzmir başda olmaqla bir çox şəhərdə içməli su ehtiyacını təmin edən su anbarlarındakı su miqdarı kritik səviyyəyə enərkən, Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı Milli Su Planını elan edib.
Bu barədə haberankara.com saytı məlumat yayıb.
Məlumata görə, nazir bildirib ki, sənəd ortaq məsuliyyət, sosial-iqtisadi yanaşma, dayanıqlılıq, tədqiqat, texnologiya inkişafı və innovasiya, böhran idarəçiliyi əvəzinə risk idarəçiliyi ilə ictimai sağlamlıq və rifahın təmin olunması əsas prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, Milli Su Planı çərçivəsində 8 fərqli hədəf, 31 strategiya və 141 fəaliyyət müəyyən edilib.
Məlumatda deyilir ki, Milli Su Şurasının 4-cü iclası Dövlət Su İşləri Baş İdarəsində keçirilib. İclasda çıxış edən nazir İ.Yumaklı 8 fərqli hədəf, 31 strategiya və 141 fəaliyyətin müəyyən edildiyini açıqlayıb: “İ.Yumaklı, eyni zamanda su və suvarma yatırımları üçün 147 milyard lirə məbləğində vəsait ayrıldığını və 321 layihənin həyata keçiriləcəyini bildirib. Nazirlik quraqlıq və susuzluq riskinə qarşı alternativ su mənbələrinə yönələcək. Qərara əsasən Milli Su Şurası fəaliyyətə başlayacaq və susuzluq riskinə qarşı hazırlanan hesabatlar ilk olaraq buraya təqdim ediləcək”.





