BAYRAQDAR MEDİA – Eskişehirin Seyitgazi rayonuna bağlı Yenikent kəndində yerləşən Küllüoba Tümülüsündə 1996-cı ildən bəri davam edən arxeoloji qazıntılar yeni tapıntılar üzə çıxarmaqda davam edir. Miladdan əvvəl 3200–3300-cü illər arasında insanların yaşadığı və planlı məskunlaşma olduğu müəyyən edilən höyükdə mühüm kəşflərə imza atılıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “qazıntı rəhbəri, Bilecik Şeyx Edebali Universitetinin Arxeologiya fakültəsinin müəllimi professor Murat Türktekin son məlumatları bölüşüb. Küllüobadakı həyatın ən önəmli xüsusiyyətlərindən birinin quraqlığa qarşı görülən tədbirlər olduğunu qeyd edən Türktekin deyib ki, quraqlıq dövründə Küllüobada arpa və buğda əvəzinə qara burçaq seçildiyi, heyvandarlıqda isə qoyun əvəzinə keçiyə üstünlük verildiyi müəyyənləşdirilib”,
Məlumata görə, M.Türktekin bildirib ki, Küllüoba miladdan əvvəl 3200–1950 illərinə aiddir: “Burada təxminən 10 metrlik mədəni təbəqə var. İlk qazıntılar 1996-cı ildə Mədəniyyət Varlıqları və Muzeylər Baş İdarəsinin icazəsi ilə professor Turan Efenin rəhbərliyi altında başlanmışdı. Mən də həmin komandanın üzvü idim. 2019-cu ildən isə qazıntı rəhbəri olaraq burada fəaliyyət göstərirəm. Küllüobada ilk məskunlaşma təxminən miladdan əvvəl 3200-cü illərdə baş verib. Eskişehir bu baxımdan çox zəngindir – 200-ə yaxın Tunc dövrünə aid höyük mövcuddur. Küllüoba onlardan biridir və ən böyüyüdür. Burada ilk məskunlaşma planlı və dizaynlı şəkildə olub: ortaq divarları olan, yan-yana düzülmüş, xaricə tamamilə qapalı görünüş verən həyətlərdə evlərin daxilində həyat davam edib”.
O, binaların basdırılmasında istifadə olunan torpağın rənginin diqqət çəkici olduğunu vurğulayıb: “Bu binaların basdırıldığı torpaq qırmızı rəngdədir. Yəni evlərin ətrafında gündəlik istifadə olunan küçə torpağı və ya başqa torpaq deyil, xüsusi olaraq qazılıb çıxarılıb. Qırmızı rəngin qədimdə simvolik mənaları var. Qırmızı boyanı biz daha əvvəl də başqa yerlərdə qabların üzərində görmüşük. Ola bilsin ki, toxuculuqda da qırmızı əsas rəng olub, çünki boya izlərinə daha əvvəl rast gəlmişdik. Bu baxımdan qırmızının xüsusi bir yeri var”.





