Bolqarıstan və Türkiyənin qeyri-qanuni miqrasiya ilə mübarizəsi nəticə verir
BAYRAQDAR MEDİA – GERB lideri Boyko Borisov, Türkiyənin sabiq baş naziri Binali Yıldırım və Türkiyənin Sofiyadakı səfiri Mehmet Uyanık ilə görüşüb.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, görüşdə B.Borisov bildirib ki, Bolqarıstan və Türkiyə Avropa ilə Asiya qitələrinin kəsişmə nöqtəsində yerləşmək üstünlüyünə sahibdir. Bu da avtomobil yollarının, dəmir yolu xətlərinin və sərhəd qapılarının modernləşdirilməsini bütün bölgənin inkişafı üçün strateji bir amilə çevirir.
Məlumatda deyilir ki, B.Borisov, “Facebook” üzərindən etdiyi paylaşımda aşağıdakıları qeyd edib: “Qeyri-qanuni miqrasiya ilə mübarizədə hər iki ölkənin hüquq-mühafizə orqanları arasında birgə təlimlər, məlumat mübadiləsi və müasir texnologiyaların tətbiqini əhatə edən ortaq səylər nəticə verdi. Qeyri-qanuni miqrasiya məsələsi Bolqarıstan və Türkiyə üçün həssas mövzu olaraq qalır, lakin Bolqarıstana qeyri-qanuni keçid cəhdlərində nəzərəçarpacaq azalma müşahidə olunur. Sofiya və Ankara arasındakı mükəmməl münasibətlər daimi dialoq və qarşılıqlı hörmət üzərində qurulub. Sabit münasibətlər ikitərəfli təşəbbüslərin konkret nəticə verən real layihələrə çevrilməsinə imkan yaradır”.





