BAYRAQDAR MEDİA – Ötən gün axşam saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Yasamal rayonu, Tbilisi prospektində bir neçə nasaz yük avtomobilinin yollarda qalması metronun “20 Yanvar”, “Koroğlu” stansiyaları və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Yüklə dolu belə avtomobillərin yollardan kənarlaşdırılması vaxt aldığından digər nəqliyyat vasitələri dəqiqələrlə sıxlıqda qalmalı olurlar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olub.
Xəbərdə bildirilir ki, “xüsusilə də bəzi yük avtomobillərinin sürücüləri belə vəziyyətdə təhlükəsizlik qaydalarına əməl etmədiyindən qəza riski yaranır. Sözügedən Mərkəz yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirib ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalıdır. Avtomobil yolun hərəkəti hissəsində texniki nasazlıq səbəbindən məcburi dayandıqda isə təhlükəsizlik təmin edilməli, qəza dayanma nişanı qoyulmalı və işıq siqnalı yandırılmalıdır”.





