Ülviyyə Qarayeva: 2026-cı il üzrə qrant müsabiqələri bu günlərdə elan olunacaq
BAYRAQDAR MEDİA – “Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrini elan edəcək”.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.
QHT-lərin layihə təkliflərini hazırlamaq üçün 2 ay vaxtı olacaq
Agentlikdən yayılan məlumata əsasən, Ü.Qarayeva deyib ki, QHT-lərin layihə təkliflərini hazırlamaq üçün 2 ay vaxtı olacaq.
Qeyd edək ki, qrant məbləğləri ötən müsabiqədə olduğu kimidir.
Yəni, qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır.
Qrant üçün 7 əsas mövzu istiqaməti veriləcək
Ü.Qarayevanın sözlərinə görə, 7 əsas mövzu istiqaməti veriləcək: “Onlardan 3 mövzu istiqaməti üzrə layihələr yalnız QHT koalisiyası adından qəbul olunacaq. Koalisiya minimum “1 yerli QHT+1 xarici QHT” formatındadır, əsas icraçı yalnız yerli QHT ola bilər”.
Agentlik 2026-cı il üzrə qrant müsabiqələri elanında beynəlxalq əməkdaşlıq üçün stimullaşdırıcı addımlar atıb
Agentlik təmsilçisi onu da xatırladıb ki, 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib: “İlk dəfə Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma qurub”.
Qeyd edilib ki, Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirməkdədir: “Çox şadıq ki, Azərbaycan QHT-ləri artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də 2026-cı il üzrə qrant müsabiqələri elanında beynəlxalq əməkdaşlıq üçün stimullaşdırıcı addımlar atıb”.
Ülviyyə Qarayeva onu da qeyd edib ki, bu dəfə də QHT-lər əsas mövzulardan kənar – aktual hesab etdikləri milli, ictimai və beynəlxalq əhəmiyyətli istənilən mövzuda da layihə təklifi ilə çıxış etməkdə sərbəst olacaq.





