Tamer Öztürk: Uşaqlıq xatirələrimin əsasını torpaq həsrəti, qohumlara qovuşmaq arzusu və türklərə edilən zülmlə bağlı danışılan xatirələr təşkil edir
BAYRAQDAR MEDİA – “Biz ailəmizdə türk dünyasını birləşdirdik”. Bunu ilk dəfə 2025-ci ilin iyun ayında İzmir Azərbaycan Dərnəyi (İZAZDER) İş Gelişdirmə Komitəsinin Azərbaycan İqtisadiyyat Nazirliyinin Türkiyə nümayəndəliyinin dəstəyi ilə Bakıda təşkil etdiyi tədbirdə eşitdim. Həmin vaxt tədbirdə çıxış edən Türkiyənin tanınmış iş adamlarından olan, İzmir Azərbaycan Dərnəyinin Türkiye-Azerbaycan İş Geliştirme Komitesi başqanı Tamer Öztürk kökünün Azərbaycana bağlı olduğunu dedi, maraqlı məlumatlar səsləndirdi. Düzü elə tədbirdən həmən sonra Tamer bəylə müsahibə almaq istədim. Ancaq proqram yoğunluğu səbəbilə bu istək alınmadı. Bununla belə keçən ay bir neçə saatlıq İzmirdə olarkən Tamer bəylə görüşmək və müsahibəni almaq imkanı əldə etdik. İZAZDER ofisində reallaşan bu müsahibədə həm həsrət, nisgil, faciə, həm də sevinc, qovuşmaq xoşbəxtliyi və gələcəyə ümidli baxış öz əksini tapıb. Beləliklə müsahibəni oxuculara təqdim edirik.
Bir atanın dörd oğlu bir-birindən ayrı düşüb
-Tamer bəy, əvvəlcə Azərbaycanla olan bağlarınızdan başlayaq. Sizi Azərbaycana hansı amillər, hansı məqamlar bağlayır?
-Mən İğdırın Aralıq rayonunun Ortaköy kəndində anadan olmuşam. İrəvan bizə daha yaxındır. Ulu babalarım bir vaxtlar Qərbi Azərbaycandan köçüblər. O dövrlərdə bir qismi İrəvanda ticarətlə, digər qismi isə müəllimliklə məşğul olub. İrəvan o zaman böyük və tarixi azərbaycanlı mahalı idi. Yadımdadır ki, İrəvanla kəndimiz arasında bir hamam vardı. O dövrdə ailəmiz bu hamamı idarə edirdi. İrəvana gedənlər, paytaxtdan keçənlər, həmişə həmin hamamda çimərmişlər. Ulu babamın dörd oğlu olub. Qərbi Azərbaycanda ermənilərin türklərə qarşı törətdiyi qətliamlar və daha sonra sovet hakimiyyətinin qurulması dövründə baş verən faciələr bu qardaşların da taleyini dəyişib.

Onlardan biri İrəvanda ticarətlə məşğul olub, digərlərinin övladları isə Aralıqda müəllimlik edib. O dövrdə mənim babam da müəllimliklə məşğul olub. 1905-ci il qırğınları zamanı ailəmiz oradan məcburən köçməli olub. Bir qismi İrana, bir qismi isə Bakıya sığınıb. Beləcə, bir atanın dörd oğlu dörd fərqli istiqamətə “səpələnib”. Təbrizə gedənlər də olub, İğdırda qalanlar da. 1911-ci ildə Təbrizdə ermənilər tərəfindən azərbaycanlılara qarşı böyük qətliam törədilib. Məhz bu hadisə bizim nəslimiz üçün daha faciəli olub. Telefon nömrəmi belə 1911-lə bitən formada seçmişəm ki, bu faciəni nəsillər unutmasın. Daha sonra, sovetlər qurulur, sərhədlər çəkilir və bu qardaşlar bir-birindən tamamilə ayrılır. Bununla da bir ailənin fərqli yerlərdə yaşayan nəsillərinin uzun illər davam edən ayrılığı başlayır.
“Uşaq vaxtı İrəvanda yanan işıqlara Aralıqdan həsrətlə baxardıq”
-İrəvan, Qərbi Azərbaycan həsrəti var ailənizdə, həm də sizdə. Bu həsrətlə, nisgillə bağlı daha nələri demək istərdiniz?
-Mən 1971-ci ildə anadan olmuşam. Uşaqlığım atamın müəllim işlədiyi illərə təsadüf edir. Atamın təyinatı səbəbilə Anadolunun iç bölgələrində yaşamışıq. Uşaq vaxtı Aralığa gedəndə babalarımız bizə İrəvanın işıqlarını göstərib deyirdilər- “Orada bizim torpağımız, soydaşlarımız var”. Biz o işıqlara həsrətlə baxardıq. Sonralar bildik ki, qohumlarımızın bir hissəsi Bakıda yaşayır. Beləliklə, onları axtarmağa başladıq. Mənim uşaqlıq xatirələrimin əsasını bu torpaq həsrəti, qohumlara qovuşmaq arzusu və türklərə edilən zülmlə bağlı danışılan xatirələr təşkil edir. Hətta o dövrdə radio vasitəsilə bir Azərbaycan mahnısı eşidəndə böyük sevinc hissi yaşayırdıq. Bu həsrətin bir hissəsinə SSRİ dağılandan sonra son qoyuldu. Bakıda yaşayan qardaşların nəvələri ilə Türkiyədə yaşayan qardaşlarıın nəvələri arasında ailə quruldu. Beləcə, ailələr bir daha bir-birinə qovuşdu. Qədim Azərbaycan torpaqları – Təbriz, İrəvan, Bakı – bir ailədə sanki yenidən birləşdi. Belə deyək ki, biz ailəmizdə türk dünyasını birləşdirmiş olduq.
Ortaköy hamamının maraqlı tarixi var
-Dediniz ki, ulu babalarınız Ortaköy hamamını işlədib. Səhv etmirəmsə bu tarixi bir hamam olub…
-Bəli, tammilə doğrudur. Tarixi mənbələrdə qeyd edildiyi kimi, hamamı tikdirən şəxs Ortaköydən olan Hacı Cevat (Gürel) olmuşdur. Yəni mənim ulu babam. Hacı Cevat dəyirmanları və pambıq üyütmə fabriki olan, olduqca varlı bir insan imiş. Başqa bir dəyirman sahibi və çox yaxın dostu olan Hacı Məhəmməd Əli ilə sıx əlaqələri var imiş. Bir gün Hacı Cevat dostunun dəyirmanına gedir, işlərini tamamlayıb çıxmaq istəyəndə, Hacı Məhəmməd Əli ona “bu üst-başla hara gedirsən? Bu paltarla getsən, bacım (yəni həyat yoldaşı) sənə hirslənər, səni evə buraxmaz” – deyə zarafat edir. Bu söz Hacı Cevatın beynində qalır. Bir müddət bu fikirlə yaşayır, daha sonra lazım olan məlumatları və materialları toplamağa başlayır. Maraqlanan kəndlilərdən bəzilərinə “samanlıq”, bəzilərinə isə “ambar” tikdiyini söyləyir. Materialları tamamladıqdan sonra əvvəlcədən razılaşdığı ustaları götürmək üçün İrəvana yollanır və ustalarla birlikdə kəndə qayıdır. Qısa müddət ərzində tikinti tamamlanır və hamam fəaliyyətə başlayır. Hacı Cevat kəndliləri toplayır və onlara deyir: “Bu gördüyünüz hamamdır. Kim çirklidirsə, gəlib burada yuyuna bilər.” O illərdə hamam fəal şəkildə işləyib və deyilir ki, ətraf kəndlərdən, hətta İrəvandan belə müştəriləri olurmuş. Hamamın inşa tarixi ilə bağlı dəqiq məlumat yoxdur, lakin təxminən 1890–1900-cü illər arasında tikildiyi güman edilir. 1960-cı ildə hamam Xüsusi İdarə tərəfindən 10.000 TL müqabilində satın alınır. Razılaşmaya əsasən, hamam beş il ərzində əvvəlki sahiblər tərəfindən işlədiləcəkdi. Lakin cəmi iki il işlədilə bilir və müştəri olmadığından fəaliyyəti dayandırılır, daha sonra öz taleyinə buraxılır.
“Diaspora fəaliyyətim də məhz bu sevgidən doğdu”
-Tamer bəy, bəs, diaspora fəaliyyətinizə necə başladınız?
-Azərbaycana bağlılıq bizim qanımızdadır. Bu bağ bizi hər zaman Azərbaycana doğru çəkib. Diaspora fəaliyyətim də məhz bu sevgidən doğdu. 1990-cı illərdən etibarən bu sahədə aktiv olmuşam. 1996-cı ildə İzmirdə ilk Azərbaycan dərnəyi qurulanda onun üzvü idim. Daha sonra işimlə əlaqədar diaspora fəaliyyətindən bir müddət uzaqlaşdım. Lakin iki il öncə Pərviz bəyin (Pərviz Altay) təşəbbüsü ilə İzmir Azərbaycan Dərnəyinin yaradılmasında qurucu üzvlərdən biri kimi iştirak etdim. Yəni, bir müddət İngiltərədə işlədiyim üçün fəallığım azalsa da, bu gün diaspora fəaliyyətində aktiv şəkildə iştirak edirəm.
-Siz həm də bir iş adamısınız. Elə isə türk dünyası üçün vahid iqtisadi bazarın yaradılması nə dərəcədə realdır?
-Öncə onu deyim ki Ulu Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsindən güc alan Türkiyə-Azərbaycan qardaşlığı hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın sayəsində daha da güclənib, daha da inkişaf edib. Təbii ki, bununla bağlı çoxsaylı misallar çəkmək olar. Sadəcə o misalları çəkmədən bəyan edə bilərik ki, bütün türk dünyası bu fəlsəfə üzərində inkişaf etdirilməlidir. Necə ki, dünən biz “Bir millət, iki dövlət” deyirdik, bu gün “Bir millət, üç dövlət” deyirik. Sabah isə böyük məmnuniyyətlə “Bir millət, yeddi dövlət, bir millət, səkkiz dövlət” deyə bilmək üçün bu ortaq mirasımızı və qardaşlıq münasibətini bütün türk dünyasına yaymalıyıq. Konkret sualınıza gəlincə, deyə bilərəm ki, bu ideya çox mühümdür. Mən də bu istiqamətdə fəaliyyət göstərmişəm.

Bir müddət əvvəl Özbəkistanda layihələrdə iştirak etdim. Türkiyə və Özbəkistanın kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlığın qurulmasına töhfə verdim. Ümumiyyətlə iş adamları olaraq zaman-zaman iki ölkə arasında baş verən bürokratik problemlərin həllində rol oynamağımız vacibdir. Yəni vahid bazar formalaşdırıla bilər və bu çox vacibdir. Əlbəttə, bəzi hüquqi və iqtisadi çətinliklər var. Məsələn, Azərbaycan və Orta Asiya ölkələri keçmiş SSRİ-nin tərkibində olub və bu gün MDB çərçivəsində bəzi öhdəlikləri var. Eyni zamanda, Türkiyə Avropa Birliyi ilə müəyyən razılaşmalara malikdir. Ancaq Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid bir iqtisadi məkan – azad ticarət zonası formalaşdırmaq mümkündür. Bu halda, qarşılıqlı əməkdaşlıq daha səmərəli olacaq. Qeyd edim ki, türk dünyasının kənd təsərrüfatı potensialı çox böyükdür: “Əgər birlikdə bu sahəyə düzgün planlama ilə yanaşsaq, yaxın 5-10 ildə böyük nəticələr əldə edə bilərik. Xüsusilə işğaldan azad olunmuş Azərbaycan torpaqları bu baxımdan çox münbitdir. Əgər biz kənd təsərrüfatı sahəsində özümüz istehsal edib özümüzü təmin edə bilsək, o zaman xarici asılılıq tamamilə aradan qalxacaq. Bunun üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində gömrük ittifaqı və azad iqtisadi zona yaradılması vacibdir. Bu addımlar atılarsa, türk dünyası qarşıdakı 100 il ərzində dünyanın ən böyük ərzaq təminatçılarından birinə çevriləcək.









