Press "Enter" to skip to content

Araz indi daha azad axır

Müsahibə zamanı

Araz Elsəs: Ən böyük arzularımdan biri Naxçıvanda konsert verməkdir

BAYRAQDAR MEDİA – “Bu mənim Azərbaycana üçüncü səfərimdir. Tarixi zəfərdən sonra hər gəlişimdə Azərbaycanı daha da gözəlləşən, inkişaf edən və qüdrətini artıran bir ölkə kimi görmək məni qürurlandırır. Vətənimin inkişafını müşahidə etmək böyük xoşbəxtlikdir”.

Bu gün əlimizə böyük bir tarixi fürsət düşüb

Bunu hazırda İsveçdə yaşayan Güneyli tanınmış ozan Araz Elsəs BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Qeyd edək ki, bir müddət öncə Azərbaycanda olan Araz Elsəsin bu səfərində məqsəd yeni mahnısına klip çəkilişlərini başa çatdırmaq olub: “Əvvəla, deyim ki, bu dəfə ailəmlə birlikdə gəlmişəm. Səfərin məqsədi həm vətəndə olmaq, həm də yeni bir mahnıya klip çəkilişlərini başa çatdırmaq idi. Bunun üçün Xudafərinə, Araz qırağına getdik. Çəkilişlər artıq hazırdır, indi son tamamlama işləri gedir. İnşallah, yaxın bir-iki ay ərzində həmin mahnımızı təqdim edəcəyik”.

-Araz bəy, klip çəkilən mahnı hansı mövzuya həsr olunub?

-Bu mahnı mənim Arazla ilk görüşümə həsr olunub. İki il əvvəl həmin görüşdən doğan hisslərimdən ilhamlanmışam. Mahnının ideyası da buradan yarandı – Arazla söhbətim, onunla danışığım, onunla bütövləşməyim. Çünki bu gün Azərbaycan da Arazda bütövləşib. Xudafərin ətrafındakı quşlar Arazın hər iki tayında sərbəst uçurlar. Onları gördükcə həm sevinir, həm də kədərlənirəm. Çünki quşlar sərhəd tanımadan uçur, biz isə hələ o sərhədlərdən maneəsiz keçə bilmirik. Mahnının mahiyyəti də məhz budur – Arazda bütövlüyümüz.

Mən inanıram ki, bizi gözəl gələcək – bütöv Azərbaycan gözləyir

-Araz bəy, Xudafərindən, Arazın bu tayından vətənin o tayı necə göründü? Xüsusilə qələbədən sonra Xudafərin ətrafı, Arazın bu tayı sizdə hansı təəssüratlar oyatdı?

-Məncə, gün keçdikcə Güney Azərbaycanda da bir canlanma müşahidə olunur. Quzey Azərbaycanın, yəni dövlətimizin uğurları Güneyli soydaşlarımızı da ruhlandırır, onlara güc və inam verir. Onlar da azadlıq uğrunda mübarizələrində daha əzmkar olurlar. Mənim üçün Araz hər zaman müqəddəsdir, Xudafərinin isə həyatımda ayrıca yeri var. Arazın sahilinə gələndə duyduğum xoşbəxtliyi sözlə ifadə edə bilmirəm. Bu dəfə Araz tamam başqa axırdı – suları daha gur idi, dalğaları daha coşqun idi. Deyə bilərik ki, Araz indi daha azad axır. Sanki o da Güney Azərbaycandakı azadlıq mübarizəsinin yeni mərhələyə qədəm qoyduğunu hiss edir. Mən inanıram ki, bizi gözəl gələcək – bütöv Azərbaycan gözləyir.

Bu iki dövlət heç vaxt Azərbaycanın böyük uğurlar əldə etməsini istəməyib

Güneyin daxilində nə qərar veriləcəksə, ona əməl etmək bizim borcumuzdur

-Amma məlumdur ki, Güney Azərbaycanla bağlı xaricdəki təşkilatlar arasında hələ tam birlik yoxdur…

-Bilirsiniz, milli hərəkatın əsas mərkəzi Güneyin özüdür. Xaricdəkilərdən çox şey gözləmək düzgün olmaz. Çünki onların keçmişləri, bağlılıqları da müxtəlifdir. İçərilərində həqiqətən də milli mübarizəyə dəstək verənlər var, amma bəziləri sadəcə başqa məqsədlərə xidmət edirlər. Bununla belə, ümidverici məqamlar da az deyil. Xaricdəki güneyli təşkilatlar arasında artıq müəyyən müzakirələr, birləşmələr başlayıb. Əsas məsələ budur ki, xaricdəki təşkilatlar Güneyin içindəki proseslərə dəstək versinlər, oradakı qərarların arxasında dursunlar. Biz hamımız bir əsgərik. Güneyin daxilində nə qərar veriləcək, nə çağırış ediləcəksə, ona əməl etmək bizim həm mənəvi, həm də siyasi borcumuzdur. Sabah hərəkat başlayanda biz də xalqımızın yanında olmalıyıq.

Güney Azərbaycanda hərəkat başlasa, mən onun mərkəzində olacağam

-Bəs Araz Elsəs həmin azadlıq mübarizəsinin himnini yazmağa hazırdırmı?

-Mən həmişə demişəm ki, Güney Azərbaycanda hərəkat başlasa, mən onun mərkəzində olacağam. Yəni, xaricdən kənarda qalmayacam, Təbrizdə, soydaşlarımızın arasında olacağam. Həmin gün o mübarizənin səsini Təbrizdən eşidəcəksiniz. Əgər azadlıq hərəkatı başlayacaqsa, onun himni də orada – mübarizənin mərkəzində yazılmalıdır. Çünki o ruhu yaşamadan, o mübarizəni keçmədən belə bir himni yaratmaq mümkün deyil. Mən və mənim kimi insanlar bu hərəkatın qalib gəlməsini ürəkdən arzulayırıq və o an gəldikdə xalqımızla çiyin-çiyinə mübarizə aparacağıq.

-Araz bəy, azad Qarabağda konsert verməyi düşünürsünüzmü?

-Əlbəttə, düşünürəm. Düzünü desəm, bir az tənbəlliyim var – musiqi yazmaqda, konsert təşkil etməkdə. Amma artıq bu tənbəlliyə son qoymaq vaxtıdır. Çalışacam ki, bundan sonra daha tez-tez vətənə gəlim və konsertlərim təkcə Bakı ilə yekunlaşmasın. Gəncə, Şəki, Şuşa, Xankəndi, azad Qarabağda da səhnəyə çıxmaq istəyirəm. Ən böyük arzularımdan biri isə Naxçıvanda konsert verməkdir. Çünki bir zamanlar Güneydən Naxçıvana baxıb həsrət çəkmişəm. İndi isə Naxçıvandan Güneyə baxmaq istəyirəm. Güneydən Naxçıvana baxıb ağladığım illər olub, indi isə istəyirəm ki, Naxçıvandan Güneyə baxım və o həsrəti başqa bir duyğu ilə yaşayım.

Mission News Theme by Compete Themes.