Press "Enter" to skip to content

Bir ölüb min dirildik

Senan KAZIMOĞLU

Son yeniləmə: 29 Dekabr 2025

Sənan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – İkinci Qarabağ müharibəsi və ardınca gələn antiterror əməliyyatı ilə Qarabağın tamamında Azərbaycan dövləti öz suverenliyini bərpa etdi. Bu, tarixi bir hadisə idi. Azərbaycan dövlətinin bundan sonrakı hədəfi bu bölgələri yenidən inşa edib öz sahiblərinə – yəni Qarabağdan zorla çıxarılmış keçmiş məcburi köçkünlərə təhvil verməkdir. Dövlət də bunu mümkün olduğu qədər sürətlə həyata keçirir.

Həqiqətən insana bəzən yuxu kimi gəlsə də biz artıq öz torpaqlarımızdayıq. Mən və məndən böyük yaşdakı insanların yaddaşlarında həmişə işğal və soyqırımla qalan şəhərlər artıq “böyük qayıdış” xəbəri ilə səslənir. Bu qayıdış xəbərlərini hələ çox eşidəcəyik. Dağıdılan kəndlərə, şəhərlərə istilik qayıdır, ocaqlar yenidən yanır.

Ancaq hələ işin başlanğıcındayıq. Yenidən inşa edilməsi lazım olan şəhərlərimiz, kəndlərimiz var. Mənfur düşmənlərimiz kəndləri, şəhərləri viran qoyub, dümdüz ediblər. Dövlətimiz bu viranələri yenidən abadlaşdırıb yaşanacaq hala gətirir.

Bəli, qayıdış xəbərlərini tez-tez eşidirik. Bu həftə də yeni xəbərlər gəldi. Bu dəfə diqqətçəkən xəbərlər Ağdam, Kəlbəcər və Ağdərədən gəldi. Xüsusən də Kəlbəcər daha çox diqqət çəkir. Çünki Ermənistanla sərhəddə yerləşən və 2 aprel 1993-cü ildə işğal edilən bu gözəl diyara ilk köç baş tutdu.

Erməni terrorçuları tərəfindən zorla, cəmi 15 dəqiqəyə çıxarılan günahsız əliyalın yaşlı qadın və uşaqlar indi məğrur bir şəkildə öz dədə-baba yurdlarına qayıdırlar. Bu qayıdışda mənim diqqətimi çəkən isə 3 aylıq körpə oldu. Kəlbəcərin ən kiçik sakini olan bu körpə artıq “məcburi köçkün” statusunda deyil, azad Kəlbəcərin bir sakini kimi böyüyəcək. Eyni şəkildə Ağdərənin də ən kiçik sakini 15 günlük Zəhra balamız Qarabağımızın körpə sakinlərindəndir. O da artıq babalarının çəkdiyi zülmü görmədən Ağdərənin xoşbəxt və firavan gələcəyinin bir parçası olacaqdır.

Düşmən bizi bu torpaqlardan əbədi qovmaq istəyərkən biz daha da güclənib, birə-min olub geri qayıtmışıq. Necə deyərlər, “bir ölüb, min dirilmişik”. Övladlarımız artıq öz dədə-baba yurdlarında böyüyəcək, aydınlıq gələcəyimiz üçün bu torpaqlarda kök salıb burada yaşayacaqlar. Bu torpaq babalarımızın yurdu olduğu kimi bizdən sonrakı nəsillərin də məskəni olacaqdır.

Azərbaycanın böyük şairi Abbas Səhhətin dediyi kimi:

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Mission News Theme by Compete Themes.