Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Bir neçə gündür həm Azərbaycan sosial şəbəkələrində, həm də bəzi xəbər saytlarında bir məlumat diqqətimi çəkir. Xəbərdə deyilir ki, İstanbul Universitetində magistratura təhsili alan azərbaycanlı xanım tələbə universitetdəki yemək qiymətlərinə etiraz etdiyi üçün Türkiyədən deportasiya olunub. Məlumatın detallarında qeyd olunur ki, həmin xanım tələbə işlədiyi yerdə saxlanılıb və geri göndərmə mərkəzində gözlədilir. Özüm də Türkiyədə təhsil alan bir tələbə olduğum üçün xəbər diqqətimi çəkdi. Xəbərlə bağlı paylaşımlara baxdıqda isə Türkiyə əleyhinə heç də xoş olmayan ifadələrə rast gəldim.
Əvvəlcə onu deyim ki, hər ölkənin öz qanun-qaydası var. Heç bir ölkə öz sərhədləri daxilində xarici etirazçı görmək istəmir. Eləcə də Türkiyə. Bütün dünyada olduğu kimi biz də Türkiyədə təhsil almağa başladığımız vaxt Miqrasiya İdarəsində qeydiyyata düşürük. Qeydiyyat zamanı tələbə olaraq sənədləşdirilir və ölkə qanunlarından kənara çıxmayacağımıza dair zəmanət veririk. Bu zəmanəti pozduğumuz halda hansı nəticələrin ola biləcəyi barədə də öhdəlik götürürük. Yəni hər bir ölkədə olduğu kimi Türkiyədə də qaydalar belədir.
İndi isə digər məsələyə keçək. Xanım tələbən doğrudanmı yemək qiymətlərinə etiraz etdiyinə görə deport olundu? Türkiyəni tanıdığım üçün bu məsələnin yalnız bundan ibarət olmadığını düşünərək, xanım barədə bir qədər araşdırma apardım və həqiqətin tamam başqa olduğunu gördüm. “Yemək qiymətlərinə görə” deport edildiyi deyilən həmin xanımın LGBT+ və hətta PKK tərəfdarı təşkilatların mitinqlərində iştirak etdiyini müəyyən etdim. Onun bu mitinqlərdə əlində PKK tərəfdarlarının istifadə etdiyi şüarlar olan plakat və üstündə LGBT işarələri olan geyimlə göründüyünə diqqət yetirdim.
Eyni zamanda bu xanım tələbə ilə bağlı özlərini qadın haqları və LGBT+ müdafiəçisi adlandıran təşkilatların sosial şəbəkələrdə dəstək paylaşımları etdiyinə şahid oldum. Bu dəstək paylaşımlarına PKK-ya yaxın səhifələrin, hətta PKK-nın siyasi qolu olan DEM (HDP) millət vəkillərinin və radikal sol qrupların arasında olduğu təşkilatların da dəstək verdiyini gördüm. Daha betəri isə həmin şəxs və onu dəstəkləyən radikal qruplar tələbənin Azərbaycana göndərildiyi halda həyatının təhlükədə olacağını iddia edirlər. Bu isə Azərbaycanın da imicinə zərər vurur və ölkəmizi radikal qanunların hökm sürdüyü üçüncü dünya ölkələri ilə eyniləşdirirlər.
Ağlı başında, sakitcə dərsləri ilə məşğul olan bir tələbənin Türkiyə və türklük əleyhinə olan bu qruplarla nə işi ola bilər axı? Biz 10 ildən artıqdır burada təhsil alırıq. Bu illər ərzində neçə-neçə azərbaycanlı tələbənin başı dik, alnıaçıq şəkildə təhsilini başa vurub geri döndüyünü gördük. Deməli, problem Türkiyədə deyil, bu tələbənin özündədir.
Eyni şəkildə mən inanıram ki, heç bir normal Azərbaycan Türkü LGBT, radikal sol və xüsusən də terror təşkilatı PKK tərəfindən dəstəklənən bu xanımı dəstəkləməz.
Nəticə olaraq sözüm odur ki, hər gördüyünüz xəbərə inanıb araşdırmadan, bilib-bilmədən Türkiyə haqqında mənfi rəy bildirməyin. Sosial şəbəkələrdə yayılan hər məlumata inanmayın. Əvvəlcə yaxşı araşdırın, sonra fikir bildirin. Əks halda istəmədən düşmən dəyirmanına su daşımış olarsınız. Vəssalam.





