Fikrət Əliyev: Əminik ki, bu əməkdaşlıq formatı gələcəkdə təkcə region dövlətlərini deyil, bütövlükdə türk dünyasını daha da yaxınlaşdıracaq
BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyevin Türkmənistanda 22 avqust tarixində səsləndirdiyi “Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır” fikri həm ölkəmizin, həm də bütün regionun gələcəyi baxımından son dərəcə önəmlidir. Bu bəyanat, əslində, türk dövlətlərinin və xüsusən Azərbaycan, Özbəkistan və Türkmənistanın qarşılıqlı əməkdaşlıq ruhunu və strateji hədəflərini ifadə edir. Çünki, yeni əməkdaşlıq formatı regionumuzun yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından sabitliyini gücləndirəcək”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Fikrət Əliyev bildirib.
Avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüşü BAYRAQDAR MEDİA üçün dəyərləndirən politoloq qeyd edib ki, sülhə yönəlmiş bu model, tərəfdaşlıq əsasında inkişafı təmin etməklə xalqlar arasında dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir.
Onun sözlərinə görə, Azərbaycan daim bölgədə sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir: “Prezident İlham Əliyevin bəyanatı bu missiyanın davamlılığını bir daha nümayiş etdirir. Əminik ki, bu əməkdaşlıq formatı gələcəkdə təkcə region dövlətlərini deyil, bütövlükdə türk dünyasını daha da yaxınlaşdıracaq və beynəlxalq müstəvidə güclü birlik formalaşdıracaqdır”.









