Press "Enter" to skip to content

Türk dünyasının “qızıl körpüsü” 

Nadir İsmayılov

Nadir İsmayılov: Azərbaycan batıdan doğuya, güneydən quzeyə türk dövlətləri arasında dialoqu və əməkdaşlığı gücləndirən strateji mərkəzə çevrilir

BAYRAQDAR MEDİA – “Azərbaycan, Türkmənistan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləri olaraq, bu yüksək səviyyəli əməkdaşlıq formatı vasitəsilə türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyasını sürətləndirirlər. 22 avqust Türkmənbaşı görüşü yalnız üç ölkənin deyil, bütövlükdə türk coğrafiyasında həmrəyliyin möhkəmləndirilməsi baxımından da mühüm strateji addım olaraq qiymətləndirilir”.

Bunu Əməkdar Jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov deyib.

O, qeyd edib ki, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhamedov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş türk dünyasında yeni əməkdaşlıq formatının yaranmasının bariz nümunəsidir: “Xüsusi olaraq qeyd edim ki, bu görüş Azərbaycanı türk dünyasında birləşdirici və aparıcı aktor kimi ön plana çıxardı. Çünki ortada bir reallıq var. Bu reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti sayəsində Azərbaycan, həm Türkiyə və Kuzey Kıbrısla, həm Macarıstanla, həm də Orta Asiyanın türk dövlətləri ilə sıx əlaqələr quraraq türk dünyasında mərkəzi rol oynayır”.

N.İsmayılov deyib ki, Azərbaycanın regional liderliyi yalnız iqtisadi və enerji layihələrində deyil, həm də mədəni, humanitar və siyasi sahələrdə türk dünyasının birliyini möhkəmləndirmək baxımından önəmlidir: “Türkmənbaşı görüşündə əldə olunan razılaşmalar, xüsusilə enerji, nəqliyyat və ticarət dəhlizlərinin inkişafı baxımından Türk dövlətlərinin qarşılıqlı inteqrasiyasına mühüm töhfələr verəcək. Başqa sözlə desək, bu mövqe Azərbaycanı türk dünyasının “qızıl körpüsü” kimi qəbul edilməsinə imkan verir. Yəni, Azərbaycan batıdan doğuya, quzeydən güneyə türk dövlətləri arasında dialoqu və əməkdaşlığı gücləndirən strateji mərkəzə çevrilir”.

Mission News Theme by Compete Themes.