BAYRAQDAR MEDİA – Katarakta xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “vətəndaşlar ixtisaslı həkim müayinəsi, funksional-diaqnostik müayinələr və cərrahi əməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər. Kataraktanın müayinə və müalicəsi həkim-oftalmoloq tərəfindən aparılır. Göz strukturlarının və görmə qabiliyyətinin müəyyənləşdirilməsi, göz təzyiqinin ölçülməsi, göz dibinin müayinəsi, ön kameranın dərinliyinin, büllurun qalınlığının, gözün uzunluğunun müəyyənləşdirilməsi və s. kimi müayinə metodları sözügedən xəstəliyin diaqnozunu təsdiqləməyə imkan verir”.
Sonra xəbərdə, “katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyə başlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkün deyil. Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir. Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq süni büllurla, yəni “göziçi linza”larla əvəz edilir. Cərrahi əməliyyatla yanaşı, əməliyyat zamanı istifadə edilən linzalar, dərman və tibbi sərf icbari tibbi sığorta ilə qarşılanır. Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda bilər” deyə bildirilir.
Qeyd edək ki, el arasında “mirvari suyu” adlandırılan katarakta xəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən göz xəstəliklərindəndir. Katarakta göz bəbəyinin arxasında yerləşən büllurun şəffaflığını itirərək bulanıq görməyə səbəb olur. Xəstəliyin əsas əlamətləri görmənin “tərləyən şüşədən görmə” kimi bulanıqlaşması, görmə kəskinliyinin və rəng görmə qabiliyyətinin azalması, gecə görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır. Katarakta anadangəlmə (irsi) və ya qazanılmış ola bilir.
Məlumat üçün bildirək ki, KTM-də yeni fəaliyyətə başlayan və icbari tibbi sığorta ilə həyata keçirilən oftalmoloji əməliyyatların sayı artıb.
Belə ki, uzman oftalmoloq Gülnar Sultanova tərəfindən 2025-ci ilin may-avqust ayları ərzində 430 katarakta (mirvari suyu) əməliyyatı, 51 gözyaşı kanalı tutulması səbəbilə aparılan KDSR (kanalizasiyalı dakriosistorinostomiya) cərrahi əməliyyat icra olunub.
Bundan əlavə 380-dən çox “Avastin” preparatının göz daxili inyeksiyası həyata keçirilib.Katarakta əməliyyatları zamanı xəstələrə yüksək keyfiyyətli “Alcon” (ABŞ istehsalı) linzaları yerləşdirilib.





