Press "Enter" to skip to content

Laçın Şəhəri Günü keçirilir

Laçın Şəhəri Günü keçirilir

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə üçüncü dəfə Laçın Şəhəri Günü keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “builki Şəhər Günü Laçın üçün xüsusilə əlamətdardır. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını daşıyır. Şəhər Günü çərçivəsində Laçın Azərbaycan da daxil olmaqla MDB-nin bəzi ölkələrindən yaradıcı gəncləri bir araya gətirib. Azərbaycanın bu dilbər guşəsi “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri”nə ev sahibliyi edir. Hər iki layihə Mədəniyyət Nazirliyi, Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır”.

Ardınca xəbərdə, “avqustun 26-da Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən gənclərin iştirakı ilə “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə təşkil olunub. Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını bildirib. Qeyd olunub ki, Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərin inkişafı da diqqətdə saxlanılır, gənclərin bu sahədə fəaliyyətinə dəstək verilir. Şöbə müdiri deyib ki, Azərbaycan MDB ölkələri arasında mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verir, bu məqsədlə müxtəlif layihələr həyata keçirilir” deyə qeyd edilir.

Xəbərdə həmçinin bildirilir ki, “bu il “MDB-nin mədəniyyət paytaxtı” olan Laçında Şəhəri Günü çərçivəsində MDB ölkələrindan yaradıcı gənclərin bir araya gəlməsi bunun göstəricisidir. Bu qəbildən layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək. NAYORA-nın sədri Rafael Hacıbəyli, Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə və başqaları çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında danışıblar. Daha sonra tədbir diskussiya şəklində davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb”.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu sahədə reallaşdırılan layihələrdən söz açıblar.

Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Mission News Theme by Compete Themes.