BAYRAQDAR MEDİA – Müdafiə nazirinin müvafiq əmrinə əsasən şəhidlər – jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovun “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı (ölümündən sonra) avqustun 27-də Müdafiə Nazirliyinin (MN) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində onların ailə üzvlərinə təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bir qrup media mənsublarının da iştirak etdiyi tədbirdə MN-in Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıb. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin bölgələrə ezam olunmuş, 2021-ci ilin iyununda xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olan jurnalist M.İbrahimov və operator S.Abışov Azərbaycan xalqının yaddaşında daim fədakarlıq nümunəsi kimi qalacaq”.
Sonra xəbərdə, “hər iki şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də bütün şəhidlərin xatirəsinin hər zaman uca tutulduğuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin MN-in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılmasında, hərbi-vətənpərvərliyin təbliğində və dezinformasiyalara qarşı mübarizədə MN ilə birgə əməkdaşlıqda fərqlənən bir qrup media nümayəndələri də tədbirdə təltif ediliblər” deyə bildirilir.





