Əkbər Qoşalı: İranın dini və ideoloji dairələrinin Qafqaz məsələsinə “Qurani-Kərim” ayələri, mifoloji obrazlar və “tarixi haqlar” kontekstində yanaşması, əslində, zəifləmiş strateji mövqelərini kompensasiya cəhdidir
BAYRAQDAR MEDİA – “Əli Əkbər Vilayətinin Qafqazla bağlı bəlli açıqlamasında “Qurani-Kərim”ə istinad etməsi, Zülqərneyni Böyük Kirlə eyniləşdirməsi ilk baxışda dini-mifoloji mülahizə kimi görünə bilər; ancaq bu ritorikanın arxasında sırf strateji çıxarlar dayanır”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, İranın ideoloji dairələri Qafqazı tarixi yaddaş kontekstində olduğu kimi, həm də “təhlükəsizlik kəməri” kimi təqdim etməklə bölgədə təsirini dini legitimliklə möhkəmləndirməyə çalışır: “Burada əsas məqsəd – Ermənistanı açıq müdafiə etməkdən çəkinib, lakin dini arqumentlərlə Qafqazda İranın “təbii haqqı” varmış imiş kimi təsəvvür yaratmaqdır. Bu yanaşma həm də iç siyasət auditoriyasına hesablanıb: İran toplumunda İslam, şiəlik və qutsal mətnlərə istinad edildikdə arqumentlər daha qəbulolunan sayılır. Yəni Vilayəti kimi fiqurlar, Tehran rejiminin bölgəsəl siyasətini dini-mifoloji çərçivəyə salmaqla onun “ilahiləşmiş” obrazını yaratmaq istəyir. Əslində isə məsələ sırf geosiyasidir: Zəngəzur dəhlizi Ayətullah Tehranını uluslararası ticarət xəritəsindən qıraqda qoyur, onun təsirini zəiflədir və Ankara–Bakı–İslamabad xəttini gücləndirir”.
Ə.Qoşalı bildirib ki, hazırda İran hakimiyyətində dəhliz məsələsində açıq fikir ayrılığı var: “Prezident Məsud Pezeşkian və onun hökuməti daha praqmatik-mötədil mövqedən çıxış edir, dəhlizin bölgəsəl iqtisadi inteqrasiya üçün yararlarını anlayır. Özünü yaralanmış sayan mühafizəkar qanad isə dəhlizi İranın ərazi bütövlüyünə və “tarixi nüfuz zonası”na zidd hesab edərək sərt ritorika nümayiş etdirir. Bu fərq, əslində, İranın iqtisadi gerçəklikləri ilə ideoloji ambisiyaları arasındakı ziddiyyətin göstəricisidir”.
O da əlavə edilib ki, ABŞ-Ermənistan yaxınlaşması fonunda Tehran daha da sıxışır: “Bir tərəfdən Batının Ermənistana açılışı, digər tərəfdən də Türkiyə–Azərbaycan yüksək müttəfiqliyi… Belə bir ortamda İranın dini ritorikaya sarılması təsadüfi deyil – çünki gerçək arqumentlər zəiflədikcə, mifoloji dayaqlar gücləndirilir. Uzun sözün qısası, İranın dini və ideoloji dairələrinin Qafqaz məsələsinə “Qurani-Kərim” ayələri, mifoloji obrazlar və “tarixi haqlar” kontekstində yanaşması, əslində, zəifləmiş strateji mövqelərini kompensasiya cəhdidir. Bu, geosiyasi gerçəkliklə dini-simvolik təsəvvür arasında yaradılan süni körpüdür. Belə çıxır ki, Tehranın fars-molla kəsimi Qafqaz baxımından “Quran”dan bəridə istinadgah, tutalğac tapmayıb və tapdığı da yanlış yorumlanmadan başqa bir şey deyil. Heç olmazsa, qutsal kitaba dürüst yanaşmağı öyrənsinlər.
Azərbaycan üçün əsas məsələ – belə açıqlamaların ideoloji səviyyədə qalması, gerçək siyasətə təsir imkanlarının isə sınırlandırılmasıdır. Çünki gerçəklik budur: Qafqazda gələcəyin yol xəritəsini mifologiya deyil, güc və işbirliyi gerçəklikləri bəlirləyir”.





