Press "Enter" to skip to content

Hələb türkmənlərini yetim qoymayın

Dr. Muhtar Fatih Beydili Nəsiminin məzarının yerləşdiyi məkanın önündə

Dr. Muhtar Fatih Beydili: Nəsiminin məzarı Suriya Hələb türkmənləri üçün kimlik nişanı, Azərbaycan üçün isə milli yaddaşın qlobal miqyasda təcəssümüdür

BAYRAQDAR MEDİA – “Tarix yalnız yazılı mətnlərdən ibarət deyil. O, eyni zamanda məzar daşlarında, abidələrdə, müqəddəs məkanlarda və mədəni yaddaşı diri saxlayan simvollarda yaşamağa davam edir. İmadəddin Nəsiminin məzarı bu baxımdan Suriya Hələb türkmənləri üçün kimlik nişanı, Azərbaycan üçün isə milli yaddaşın qlobal miqyasda uzanan bir təcəssümüdür. Onun dəfn olunduğu məkan yalnız bir şəxsiyyətin qəbri deyil; həm də ortaq Türk-İslam sivilizasiyasının bir sənədi, Suriya və Azərbaycan üçün tarixi mənsubiyyətin simvoludur”.

Bunu BAYRAQDAR MEDİA-ya Suriya Türkməneli Azərbaycan Dostluq Cəmiyyətinin və Suriya Türkmən Doktorlar Birliyinin başqanı Dr. Muhtar Fatih Beydili dedi.

Məzarın yerində qalmasının mədəni və mənəvi əhəmiyyəti

O, qeyd etdi ki, “Harada bir məzarımız varsa, oranı öz torpağımız sayırıq” düşüncəsi sadəcə emosional bir vurğu deyil, həm də tarixi mənsubiyyətin ifadəsidir: “Elə Nəsiminin məzarına da bu kontekstdən yanaşmaq lazımdır. Çünki Nəsiminin məzarı Hələbdə qaldığı müddətcə: Türkmənlərin bu torpaqlardakı köklü varlığını simvolizə edir, Azərbaycanın tarixi şəxsiyyətlərinin yalnız Bakı və ya Şamaxı ilə məhdudlaşmadığını, onların irsinin Suriyaya qədər uzandığını göstərir, Türk-İslam dünyasının ortaq sivilizasiya coğrafiyasını üzə çıxarır”.

Dahi Nəsimin məzarı
Dahi Nəsimin məzarı

Dr. Muhtar Fatih Beydili vurğuladı ki, qəbir başqa yerə köçürüldükdə bu çoxqatlı bağ qopma təhlükəsi ilə üz-üzə qalır: “Halbuki məzar yerində qalmaqla həm yaddaş məkanı, həm də ortaq miras sahəsi olaraq fəaliyyətini davam etdirir”.

Məzarın Suriya Hələb türkmənləri baxımından strateji dəyəri

Qeyd edildi ki, Hələb türkmənləri əsrlər boyu bölgənin mədəni və ictimai həyatında mühüm rol oynamışlar: “Nəsiminin məzarının Hələbdə yerləşməsi onların tarixi köklərini və sivilizasiya quruculuğundakı rollarını konkret şəkildə təsdiq edir. Bu miras: Türkmənlərin öz kimliklərini qoruyub müdafiə etmələri üçün dayaq nöqtəsidir, Gələcək nəsillərə ötürüləcək tarixi mənsubiyyət simvoludur, Beynəlxalq müstəvidə türkmənlərin bu coğrafiyada yalnız bir azlıq deyil, dərin köklərə malik xalq olduğunu xatırladan güclü sübutdur”.

Azərbaycan baxımından strateji və mədəni mesaj

Dr. Muhtar Fatih Beydili dedi ki, Azərbaycan üçün Nəsimi yalnız bir şair deyil, həm də fəlsəfi düşüncənin və sənətin zirvəsini təmsil edən bir şəxsiyyətdir: “Onun qəbri Hələbdə olduğu müddətcə Azərbaycan öz mədəni irsini sərhədlərindən kənarda təmsil etmək imkanı əldə edir, Suriya ilə ortaq tarixi bağ qurur, türk dünyasının müxtəlif bölgələri ilə intellektual və mənəvi körpü yaradır”.

Müsahibimizin sözlərinə görə, əgər məzar köçürülsə, Azərbaycan təkcə bir mədəni məkandan deyil, həm də Suriya türkmənləri ilə qurduğu strateji və mənəvi bağdan əhəmiyyətli dərəcədə məhrum qala bilər.

Nəsiminin Hələbdəki məzarının qorunması beynəlxalq dəyərlər baxımından da önəmlidir

Dr. Muhtar Fatih Beydili onu da dedi ki, Nəsiminin Hələbdəki məzarının qorunması yalnız Suriya türkmənləri və Azərbaycan üçün deyil, həm də UNESCO-nun mədəni irs prinsipləri ilə uzlaşır: “Çünki mədəniyyət nümunələri öz kontekstindən qoparıldıqda mənasını itirir. Digər tərəfdən, İslam dünyası üçün bu cür tarixi şəxsiyyətlərin məzarları ortaq sivilizasiyanın yaşayan simvollarıdır. Mədəni diplomatiya baxımından isə məzarın yerləşdiyi məkan strateji dəyər qazanır və iki ölkə arasında qalıcı bağ yaradır”.

“Bizi atamızdan ayırmayın”

Sonda “Hələb türkmənləri olaraq demək istəyirik ki, bizi atamızdan ayırmayın. Hələb türkmənlərini yetim qoymayın” sözlərini dilə gətirən müsahibimiz daha sonra əlavə etdi ki, Nəsiminin Hələbdəki məzarının qorunması sadəcə bir qəbrin mühafizəsi deyil; kimliyi, yaddaşı, mənsubiyyəti və strateji münasibətləri qorumaq deməkdir.

Suriya türkmənlərinin uşaqları da məzarı qorumağa hazırdırlar
Suriya türkmənlərinin uşaqları da məzarı qorumağa hazırdırlar

O, deyib ki, bu mənada məzarın köçürülməsi Azərbaycan üçün yalnız tarixi bir itki deyil, həm də Suriya türkmənləri ilə mövcud dərin bağların zədələnməsi anlamına gələr: “Buna görə də Nəsiminin Hələbdəki qəbri Türk-İslam sivilizasiyasının ortaq sənədi olaraq qalmalı, həm türkmənlər, həm də Azərbaycan üçün gələcək nəsillərə kimlik və yaddaş mirası kimi ötürülməlidir.

Mission News Theme by Compete Themes.