Press "Enter" to skip to content

Türkiyənin hava hücumundan müdafiəsində dönüş nöqtəsi – VİDEO

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Dostlarda güvən, düşmənlərdə qorxu yaradan Çelik Kubbe türk dünyası üçün də mühüm əhəmiyyət kəsb edir

BAYRAQDAR MEDİA – “Avqustun 27-si təkcə Türkiyənin deyil, ümumilikdə türk dünyasının müdafiə sənayesi tarixinə xüsusi yazıldı. Çünki həmin gün sayın Cumhurbaşqanı Recep Tayyip Erdoğanın da iştirak etdiyi təntənəli mərasimlə ölkənin özünün istehsal etdiyi və inkişaf etdirdiyi yerli və milli hava hücumundan müdafiə sistemi olan Çelik Kubbe Türkiyə Silahlı Qüvvələrinin balansına verildi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Çelik Kubbe, Türkiyənin yerli texnologiya ilə inkişaf etdirdiyi çoxməqsədli hava hücumundan müdafiə sistemidir

O, bildirdi ki, ümumi dəyəri 460 milyon dollar olan Çelik Kubbe, Türkiyənin yerli texnologiya ilə inkişaf etdirdiyi çoxməqsədli hava hücumundan müdafiə sistemidir: “Öncə onu deyim ki, ASELSAN şirkəti tərəfindən hazırlanan Çelik Kubbe sistemi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. 47 hava hücumuna qarşı, radiolokasiya və radioelektron müdafiə vasitəsindən ibarət bu sistem süni intellekt dəstəklı komanda-idarəetmə proqram ilə idarə olunacaq. Nəticə olaraq yerdəki yüzlərlə müxtəlif kompleks və sistem vahid hava hücumundan müdafiə orqanizmi kimi işləyəcək”.

Sistem 70 kilometr məsafədən təhlükəni müəyyən edə bilir, 20 kilometr məsafədən isə hədəfi məhv etmək imkanına malikdir

Müsahibimiz bildirdi ki, müxtəlif hündürlüklərdə fəaliyyət göstərən hava hücumundan müdafiə sistemlərinin inteqrə şəkildə işlədiyi Çelik Kubbe həm havadan, həm qurudan, həm də dənizdən gələ biləcək təhlükələrin qarşısını almağa xidmət edir: “Sistem 70 kilometr məsafədən təhlükəni müəyyən edə bilir, 20 kilometr məsafədən isə hədəfi məhv etmək imkanına malikdir. Bundan əlavə, yerləşdiyi mövqedən 10 kilometr hündürlükdə olan düşmən qüvvələrini də məhv etmək gücünə sahibdir”.

Çelik Kubbe
Çelik Kubbe

O da qeyd edildi ki, sistem SUNGUR, KORKUT, GÜRZ, Hisar-A, Hisar-O və SİPER kimi yerli sistemləri əhatə edir: “1 ədəd SİPER və ona bağlı 10 vasitə Türkiyənin hava hücumundan müdafiəsində dönüş nöqtəsidir. 3 ədəd HİSAR orta mənzilli hava hücumundan müdafiə sistemi və ümumilikdə 21 vasitə orta mənzildə çəkindiriciliyimizi daha da gücləndirəcək. KORKUT hava sistemi və erkən xəbərdarlıq radiolokasiya vasitələrimiz isə sahədə gözümüz və qulağımız kimi fəaliyyət göstərəcək. 7 ədəd PUHU və 2 ədəd REDET elektron müharibə sistemi isə ölkəmizi bu sahədə daha yüksək mərhələyə daşıyacaq”.

Bu, bir ölkənin öz səmasını öz övladlarının istehsal etdiyi sistemlərlə qorumasının qürurudur

Türkiyəli general əlavə etdi ki, bu sistemin xüsusi özəlliyi onda istifadə edilən bütün texnikaların yerli və milli istehsal olmasıdır: “Mərasimdə də bəyan edildiyi kimi sistemlər sistemi olan Çelik Kubbe ilə hava hücumundan müdafiədə artıq tamamilə fərqli bir mərhələyə yüksələcəyik. Təhvil verilən HİSAR O 100 və SİPER hava hücumundan müdafiə sistemləri, ALP 300-G və 100-G radiolokasiya sistemləri, PUHU və REDET elektron müharibə sistemləri, KORKUT yaxın məsafəli hava hücumundan müdafiə vasitələri Türk mühəndisliyinin imzasını daşıyır. Yerli istehsal göstəricisi, inteqrasiya gücü və operativ çevikliyi baxımından NATO standartlarını belə geridə qoyan bu sistemlər, bir ölkənin öz səmasını öz övladlarının istehsal etdiyi sistemlərlə qorumasının qürurudur”.

Çelik Kubbe həm də Azərbaycanın hava məkanının etibarlı müdafiəsinə dəstək olacaq

Dr. Yücel Karauz bu sistemin türk dünyası, xüsusilə də Azərbaycan üçün əhəmiyyətinə də toxundu: “Qeyd edildiyi kimi, bu, süni intellektə əsaslanan, bütün radarların və rabitə vasitələrinin inteqrasiya olunduğu əməliyyat mərkəzidir. Bildiyiniz kimi, Azərbaycanla Türkiyə arasında əldə olunan razılaşma əsasında iki ölkənin hava məkanı vahid hava məkanı halına gətirilmiş və bu sistemə, yəni komanda-nəzarət mərkəzinə inteqrasiya olunmuşdur. Deməli, Çelik Kubbe həm də Azərbaycanın hava məkanının etibarlı müdafiəsinə dəstək olacaq”.

Dr. Yücel Karauz bildirdi ki, bu gün İsrail başda olmaqla bir çox hərbi baxımdan inkişaf etmiş ölkələrin hava hücumundan müdafiə sistemləri mövcuddur, lakin onların əksəriyyəti müəyyən formada Amerikaya bağlıdır: “Çelik Kubbe isə nə ABŞ-a, nə İngiltərəyə, nə Fransaya bağlıdır. Çünki Çelik Kubbe yalnız və yalnız Türkiyənin milli istehsalı olan silah, sursat və texnikadan ibarətdir. Dostlarda güvən, düşmənlərdə qorxu yaradan Çelik Kubbe türk dünyası üçün də mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Türkiyə bu sistemlərin istehsalını daha da genişləndirməyə və onları dost və qardaş türk dövlətləri ilə bölüşməyə davam edəcək”.

Mission News Theme by Compete Themes.