BAYRAQDAR MEDİA– Səhiyyə Nazirliyində (SN) Azərbaycanda işgüzar səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Meri ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə, həmçinin Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya da iştirak edib. Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Latviya əməkdaşlığının mövcud vəziyyəti, həmçinin potensial inkişaf imkanları müzakirə olunub. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Latviya arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb. Səhiyyə sisteminin rəqəmsallaşdırılmasını SN-in qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayan T.Musayev Latviyada rəqəmsal səhiyyənin inkişafında mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edib”.
Daha sonra xəbərdə, “səmimi qəbula görə təşəkkürünü bildirən H.A.Meri bu cür görüşlərin Latviya-Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafı, eyni zamanda, təcrübə və bilik mübadiləsi baxımından olduqca vacib olduğunu vurğulayıb. Çıxışının sonunda latviyalı nazir iki ölkə arasında səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib” deyə qeyd edilir.





