Press "Enter" to skip to content

İctimai Birlik sədrindən Xalq artistinə dəstək

Emin Həsənli

Emin Həsənli: Milli-mənəvi dəyərləri qoruyan, yaşadan adamlara qarşı belə hücumlar qəbuledilməzdir

BAYRAQDAR MEDİA – “Xalq artisti, professor Mənsum İbrahimov gənc yaşlarından, sənətə ilk addımlarını atdığı vaxtlardan Azərbaycanda və dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük hörmət, ehtiram qazanıb”.

Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Birlik sədri deyib ki, Mənsum İbrahimov, bu hörməti öz davranışı, elmi, mədəniyyətli və sənəti, istedadı ilə qazanıb: “Muğamımızın az qala unudulduğu ağır illərdə, 90-cı illərdə ona sadiq qalıb, milli opera sahəsində fəaliyyət görsədib, davamlı olaraq çox az əmək haqqı ilə, ağır yaşayış şərtləri altında olmasına baxmayaraq, musiqi sənətinə xidmət edib. Böyük üstadlar Arif Babaev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev həmişə Mənsum İbrahimova hörmət və ehtiramını gizlətməyiblər”.

E.Həsənlinin sözlərinə görə, M.İbrahimov gənc yaşlarında qatıldığı müsabiqələrin qalibi olub, ona həm Azərbaycanda, həm də dünya miqyasında keçirilən mötəbər tədbirlərdə böyük etimad göstərilib: “Uzun müddətdir ki, opera teatrında çalışır, konservatoriyada gənclərə muğamların sirlərini öyrədir. Hazırda Milli Konservatoriyada kafedra müdiridir. Xalq artisti Mənsum İbrahimova Ulu Öndər Heydər Əliyev, Prezident lham Əliyev tərəfindən də həmişə etimad göstərilib. Gənc yaşlarında Əməkdar və Xalq artisti adlarına layiq görülüb. Prezident tərəfindən əməyi yüksək qiymətləndirilərək, “Şöhrət Ordeni” ilə təltif olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyeva hər zaman onun sənətinə yüksək qiymət verib”.

İctimai Birlik sədri deyib ki, Mənsum İbrahimov hər zaman dövlətin və dövlətçiliyin yanında olub: “Mən şahidəm ki, o, davamlı olaraq hərbi hissələrdə konsertlər verib, şahid ailələrinin, qazilərin toy məclislərində, şənliklərində təmənnasız olaraq iştirak edib. Mənsum İbrahimovun qardaşları birinci Qarabağ müharibəsində döyüşüb. 44 günlük Vətən müharibəsində qardaşı oğlu İsrafil şəhid olub. Dəyərli xanəndəmiz hazırda “Yaşat” Fondunun müşahidə şurasının üzvüdür. Mənsum İbrahimova dünyanın hər yerində Azərbaycan muğamını təbliğ edir. Yorulmadan bu istiqamətdə fəaliyyət göstərir. Onun arxasında xalqın və dövlətin etimadı dayanır. Ona qarşı qarayaxma kampaniyası qəbuledilməzdir. Belə kampaniyalar tək Mənsum İbrahimova qarşı deyil. Zaman-zaman ədəbiyyatımızın nümayəndələrinə və digər mədəniyyət xadimlərinə də bu cür münasibətlər olur. Milli-mənəvi dəyərləri qoruyan, yaşadan adamlara qarşı belə hücumlar qəbuledilməzdir. Bu insanlara ona görə hücumlar var ki, onlar dövlətə, dövlətçiliyə sadiqdir. Muğamımıza sadiqdir, mədəniyyətimizə sadiqdir, ədəbiyyatımıza sadiqdir”.

Mission News Theme by Compete Themes.