Press "Enter" to skip to content

“Torpağın dad hekayəsi” təqdimat olunub

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda Qərbi Azərbaycan mövzusunda çəkilmiş “Torpağın dad hekayəsi” filminin təqdimatı olub. Film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

Bu barədə İctimai Birliyin məlumatında qeyd edilib.

Məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir bildirib ki, “Torpağın dad hekayəsi” filmi Qərbi Azərbaycandan olan bir ailənin timsalında yurdundan qaçqın düşən soydaşlarımızın uzun illərdir qoruyub yaşatdıqları adət-ənənələrə, mənəvi dəyərlərə, milli mətbəxə, eyni zamanda onların doğma ocağa qayıtmaq arzusuna həsr olunub. Layihənin əsas məqsədi milli mətbəximizin ayrılmaz qolu olan Qərbi Azərbaycan mətbəxinin zənginliyini, özünəməxsusluğunu araşdırmaq, təbliğ etmək, tanıtmaqdır”.

Məlumatda daha sonra deyilir: “Filmin layihə rəhbəri Kənan Qılıncxanovun sözlərinə görə, film 3 tematik hissədən ibarətdir: yurd, dad, yaddaş. Filmin hər bir qəhrəmanı o yaddaşın daşıyıcısıdır. Hətta filmdə səslənən musiqilər də həmin yaddaşın səsidir. Bu yaddaş, bu səs onlarda doğma yurda qayıdışa da inam yaradıb. Kənan Qılıncxanov belə bir aktual mövzulu layihəni dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib. Sonra qonaqlar “Torpağın dad hekayəsi” sənədli filmini izləyiblər. Filmdə Qərbi Azərbaycanın unikal mətbəxi haqqında bir hekayə təqdim olunur. Filmin nümayişindən sonra Əməkdar jurnalist Yunis Orucov film barədə təəssüratlarını bölüşüb. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun rəhbəri Pərviz Əmirov və digər çıxış edənlər filmin milli dəyərlərimizin təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər”.

Mission News Theme by Compete Themes.